Veronika Jilinanın Azərbaycan millisində debütü mübahisəli məqamla yadda qaldı - FOTO/VİDEO

4 Sentyabr 2026 16:24
96
Veronika Jilinanın Azərbaycan millisində debütü mübahisəli məqamla yadda qaldı - FOTO/VİDEO

“Fiqurlu konkisürənimiz Veronika Jilina Tokioda keçirilən “ISU Challenger Series”in Yaponiya mərhələsi – “Kinoshita Group Cup”da Azərbaycan millisinin heyətində debüt edib. Onun çıxışından əlavə, qiymətlərin elan olunduğu zaman geyimi də diqqət çəkib.

İdman.Biz-in məlumatına görə, Jilina çıxışından sonra Azərbaycan millisinin formasını deyil, məşq etdiyi Yevgeni Plyuşenkonun akademiyasının ağ rəngli köynəyini geyinib. Geyimin üzərində “Angels of Plushenko” akademiyasının və “Sea Breeze”in loqoları olub.

Fiqurlu konkisürənimiz qiymətləndirmənin elan edildiyi və kameraların onu lentə aldığı “kiss and cry” zonasında da həmin geyimdə görünüb. Jilina burada akademiyaya, Yevgeni Plyuşenkoya və Yana Rudkovskayaya salam göndərib, daha sonra loqoların üstündə əlləri ilə ürək işarəsi göstərib.

Bununla yanaşı, qeyd etməliyik ki, daha əvvəl, isinmə zamanı Jilina Azərbaycan millisinin üst geyimində olub. Onu müşayiət edən xoreoqraf Andrey Yejlov isə yarış gününün sonuna qədər milli komandanın formasını geyinib.

Beynəlxalq turnirlərdə “kiss and cry” zonası televiziya auditoriyası üçün ən çox diqqət çəkən məqamlardan biridir. “ISU Challenger Series”in bu mərhələsində neytral statusda çıxış edən iştirakçılar istisna olmaqla, digər fiqurçular öz ölkələrinin, milli komandalarının və ya federasiyalarının simvolları olan geyimlərdən istifadə ediblər. Bu, beynəlxalq yarışlarda ənənəvi praktikadır.

Bu baxımdan Jilinanın seçimi olduqca qəribə görünür. Çünki bu mühüm məqamda kameraların qarşısında onun təmsil etdiyi ölkənin deyil, akademiyasının və onu dəstəkləyən tərəfdaşın loqoları yer alıb.

Təbii ki, xanım fiqurlu konkisürənin məşq etdiyi akademiyaya və məşqçilərinə təşəkkür etməsi normaldır. Lakin bu halda Jilinanın nümayəndələri, ətrafı, məşqçiləri və nəhayət, beynəlxalq yarışlarda milli komandanın təmsil olunmasına cavabdeh olan Azərbaycan Qış İdman Növləri Federasiyası ilə bağlı suallar yaranır. Xüsusilə nəzərə alsaq ki, Jilinanın Azərbaycan bayrağı altında çıxış etməyə başlaması uzunmüddət davam edən fəaliyyətin nəticəsidir.

Onun yeni statusda debütü təkcə özü deyil, Azərbaycan fiqurlu konkisürməsi üçün də mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Jilina qısa proqramın nəticələrinə əsasən 66,60 xal toplayıb və 11 iştirakçı arasında altıncı pillədə qərarlaşıb. Sentyabrın 6-da yarışın son mərhələsi – sərbəst proqram keçiriləcək. Bundan sonra turnirin mükafatçıları müəyyənləşəcək.

İdman.Biz