Veronika Jilina Azərbaycan millisindəki debütündə “üçlük”dən kənarda qaldı - YENİLƏNİB + VİDEO

4 Sentyabr 2026 15:18
354
Veronika Jilina Azərbaycan millisindəki debütündə “üçlük”dən kənarda qaldı - YENİLƏNİB + VİDEO

Fiqurlu konkisürənimiz Veronika Jilina Tokioda keçirilən “ISU Challenger Series” seriyasının Yaponiyadakı mərhələsi – “Kinoshita Group Cup”da Azərbaycan millisinin heyətində debüt edib.

İdman.Biz-in məlumatına görə, 18 yaşlı idmançı qısa proqramını Ledi Qaqanın “Poker Face” və “Abracadabra” mahnıları ilə təqdim edib.

Jilinanın texniki proqramına ikiqat aksel, üçqat flip və üçqat lutz + üçqat tulup kaskadı daxil olub. Ümumilikdə proqramı təmiz yerinə yetirən fiqurçu kaskadda fırlanmanı tam başa çatdıra bilməyib.

Çıxışının yekununda idmançı 66,60 xal toplayıb və turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Yarışın sonuncu günü - sentyabrın 6-da idmançı sərbəst proqramla buz üzərinə çıxacaq. “Kinoshita Group Cup”ın qalibi hər iki çıxışın nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, bu, fiqurlu konkisürənimizin Azərbaycan bayrağı altında ilk yarışıdır. Həmçinin Jilina uzunmüddətli fasilədən sonra böyüklər arasında ilk beynəlxalq turnirinə qatılıb.

11:28

Bu gün, sentyabrın 4-də Tokioda “ISU Challenger Series” yarışının Yaponiyada keçirilən mərhələsi - “Kinoshita Group Cup” mərhələsi start götürəcək. Yarış sentyabrın 6-dək davam edəcək.

İdman.Biz-in məlumatına görə, turnirin Azərbaycan fiqurlu konkisürməsi üçün əsas hadisəsi Veronika Jilinanın ölkəmizin adından debüt etməsi olacaq.
18 yaşlı idmançı qadınların qısa proqramında üçüncü çıxış edəcək. Onun çıxışı Bakı vaxtı ilə saat 13:13-ə planlaşdırılıb. Sərbəst proqram sentyabrın 6-da keçiriləcək.

Bu mövsüm Jilina qısa proqramını Ledi Qaqanın “Poker Face” və “Abracadabra” mahnıları, sərbəst proqramını isə Eli Semunun “Demain Dès L'Aube”, həmçinin Xronis Taksidisin “Voices” və “Spirits” kompozisiyaları ilə təqdim edəcək.

Yevgeni Plyuşenkonun yetirməsi daha əvvəl Rusiya mediasına Tokioda hansı proqramla çıxış edəcəyi barədə danışıb. Onun repertuarında ən çətin elementlərdən biri - dördqat salxov olsa da, fiqurlu konkisürənimiz debüt turnirində risk etməmək və üçqat tullanmalarla kifayətlənmək qərarına gəlib. Jilina üçün bu, yalnız Azərbaycan yığmasının heyətində ilk çıxış deyil, həm də uzunmüddətli fasilədən sonra yarışlara qayıdış və böyüklər arasında ilk beynəlxalq turnir olacaq.

Jilina zədələr və pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən bir neçə mövsümü buraxıb. Yeniyetməlik illərində o, Rusiyanın ən perspektivli fiqurçularından biri hesab olunurdu. Onun yeniyetmələr arasında beynəlxalq səviyyədə ən yaxşı nəticəsi 216,92 baldır: qısa proqram üçün 71,57, sərbəst proqram üçün isə 145,35 bal. İdmançı bu nəticəni 2021-ci ildə yeniyetmələrin “ISU JGP Košice” adlı Qran-pri mərhələsində göstərib və qalib gəlib.

Beynəlxalq Konkisürənlər İttifaqının (ISU) rəsmi saytının məlumatına görə, “Kinoshita Group Cup”da qadınların fərdi yarışında 11 idmançı iştirak edəcək: Anna Frolova, Aleksandra İqnatova, Kamilla Nelyubova, Veronika Jilina, Yuna Aoki, Ami Nakai, Mao Şimada, Soyan Kim, Sojin Yun, Andrea Montesinos Kantu və Aleksa Gasparotto.

İştirakçıların sayının nisbətən az olmasına baxmayaraq, yüksək yerlər uğrunda rəqabətin ciddi olacağı gözlənilir. Jilinanın əsas rəqibləri arasında yaponiyalı Mao Şimada, Ami Nakai və Yuna Aokini, həmçinin Aleksandra İqnatovanı (əvvəllər Trusova soyadı ilə tanınırdı) və Anna Frolovanı qeyd etmək olar.

Şimada yeniyetmələr arasında Olimpiya Oyunlarının qalibi və dördqat dünya çempionudur. Onun şəxsi rekordu 230,84 baldır. Nakai 2026-cı ildə Olimpiya Oyunlarında bürünc medal qazanıb, Aoki də Yaponiyanın ən güclü fərdi fiqurçuları sırasında yer alır.

Start siyahısında Aleksandra İqnatovanın da adı var. 2022-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı və dünya rekordlarının dəfələrlə sahibi olan idmançı fasilədən sonra bu yaxınlarda yarışlara qayıdıb.

Beləliklə, bu “Challenger Series” mərhələsi sevimli fiqurçuların geri qayıtması və böyüklər kateqoriyasında yeni mövsümün ilk beynəlxalq yarışlarından biri olması səbəbindən dünya fiqurlu konkisürmə auditoriyası üçün xüsusilə maraq doğurur.

Qeyd edək ki, “Kinoshita Group Cup”da Azərbaycanın yeganə təmsilçisi Veronika Jilina olacaq. Milli komandanın digər fiqurlu konkisürənləri sentyabr ayı üçün planlaşdırılan digər yarışlarda iştirak edəcəklər.

İdman.Biz