Rusiyalı prodüser Yana Rudkovskaya oğlu Aleksandr Plyuşenkonun Azərbaycan millisində çıxış etməsi ilə bağlı qərara aydınlıq gətirib.
İdman.Biz xəbər verir ki, Rudkovskaya “Moskva 24” telekanalına müsahibəsində 13 yaşlı fiqurlu konkisürənin idman vətəndaşlığını dəyişməsinin əsas səbəblərindən birinin Rusiyada yeniyetmələr arasında son dərəcə yüksək rəqabət olduğunu bildirib.
Onun sözlərinə görə, Aleksandrın hazırkı şəraitdə Rusiya millisindən beynəlxalq arenaya yüksəlməsi olduqca çətin olardı.
“Hazırda Rusiyada onun beynəlxalq arenaya çıxması demək olar ki, mümkün deyil. Gənclər arasında beynəlxalq səviyyəyə yüksələn oğlanlar çox güclüdürlər”, - Rudkovskaya deyib.
O, nümunə kimi 17 yaşlı Lev Lazarevin beş dördlü tullanma icra etdiyini göstərib.
Rudkovskaya hesab edir ki, Azərbaycanı təmsil etmək Aleksandr üçün yeni imkanlar yaradır:
“Saşanın Azərbaycanda ən yaxşı olmaq və dünya arenasında uğur qazanmaq imkanı var”.
O, oğlunun Rusiya vətəndaşı olaraq qaldığını, eyni zamanda Azərbaycan idman vətəndaşlığına sahib olduğunu da vurğulayıb. Bildirilib ki, Aleksandr qarşıdakı beş il ərzində Azərbaycanı təmsil edəcək.
Beynəlxalq Konkisürmə İttifaqı (ISU) iyulun 1-də Aleksandr Plyuşenkoya Azərbaycan millisinin heyətində çıxış etməyə rəsmi icazə verib.
Aleksandr ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğludur və atasının rəhbərlik etdiyi “Plyuşenko mələkləri” akademiyasında məşq edir.
