Bu gün fiqurlu konkisürmə üzrə 2026/2027-ci illər beynəlxalq mövsümünə start verilib. Bir müddət əvvəl heyəti Azərbaycanı təmsil etmək hüququ qazanan yeni idmançılarla gücləndirən milli komandanın üzvləri də yarış buzuna çıxacaqlar.
Debütü xüsusi maraq doğuran fiqurlu konkisürənlərdən biri 18 yaşlı tək proqram üzrə çıxış edən Veronika Jilinadır. Onun Azərbaycana keçidi asan başa gəlməyib. Əvvəlcə Rusiya Fiqurlu Konkisürmə Federasiyası idmançını buraxmağa hazır olmasa da, bu ilin may ayında ona buraxılış məktubu təqdim edib.
İdman.Biz Veronika Jilinanın Azərbaycan bayrağı altında ilk yarışının nə vaxt keçiriləcəyini öyrənmək üçün Azərbaycan Qış İdman Növləri Federasiyasına müraciət edib. Qurumdan bildirilib ki, fiqurlu konkisürənin ölkəmizin təmsilçisi kimi ilk çıxışı böyük ehtimalla sentyabrın 4-6-da Tokioda keçiriləcək “ISU Challenger Series” yarışının “Kinoshita Group Cup “mərhələsində olacaq. Lakin onun iştirakının hələlik yekun təsdiqi verilməyib.
Gözlənilir ki, həmin turnirdə 2026-cı il Qış Olimpiya Oyunlarının bürünc mükafatçısı Ami Nakai, həmçinin dünya çempionatlarının gümüş və bürünc medalçısı Mone Çiba da çıxış edəcəklər. Bundan başqa, Rusiya KİV-inin məlumatına görə, neytral status aldıqları halda Mariya Zaxarova, eləcə də dünya fiqurlu konkisürməsinin ulduzları Aleksandra Trusova və Kamila Vəliyeva da Yaponiyada buz üzərinə çıxa bilərlər.
Qeyd edək ki, Veronika Jilina Yevgeni Plyuşenkonun akademiyasında məşq edir. “Challenger Series”in Yaponiya mərhələsində çıxışı onun təkcə Azərbaycan millisində debütü deyil, həm də uzun fasilədən sonra yarış buzuna qayıdışı olacaq. Fiqurlu konkisürən zədə və pandemiya məhdudiyyətləri səbəbindən üç mövsümü buraxıb. Bundan əvvəl yeniyetmələr arasında çıxış edərkən Rusiyanın ən perspektivli tək proqram ustalarından biri hesab olunurdu. Məşqlərdən yayılan görüntülərə əsasən, idmançı nəinki formasını qoruyub saxlayıb, hətta inkişafını davam etdirərək ultra-si kateqoriyasının ən çətin elementlərindən biri sayılan dördlü salxovu da yerinə yetirir.
İdman.Biz Azərbaycan millisinin digər perspektivli üzvü - arsenalında ultra-si elementləri olan 15 yaşlı Arina Kaluqinanın planları ilə də maraqlanıb. O, 2024/2025 mövsümündən etibarən Azərbaycanı təmsil edir və artıq özünü göstərməyi bacarıb. Almatıda keçirilən Denis Ten “Memorial Challenger” turnirinin yeniyetmələrin yarışında fiqurlu konkisürən dördlü salxovu təmiz yerinə yetirərək bu elementə görə olimpiya rekorduna imza atıb.
Federasiyadan bildirilib ki, Kaluqina sentyabrın 17-19-da Türkiyənin Ankara şəhərində, 24-26 sentyabrda isə Gürcüstanın Batumi şəhərində keçiriləcək yeniyetmələr arasında Qran-pri mərhələlərində iştirak edəcək. Həmin yarışlarda Aleksandr Plyuşenkonun da Azərbaycan millisinin heyətində debüt etməsi gözlənilir.
Millinin digər üzvlərinə gəlincə, Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlovanın sözlərinə görə, komandanın qalan idmançıları da yeni mövsümdə beynəlxalq yarışlara çıxışlarına sentyabr ayından başlayacaqlar.
