MAA-nın baş məşqçisi: “O günlərin qayıtmasını, voleybolun yenidən inkişaf etməsini istəyirəm” – MÜSAHİBƏ

Müsahibə
18 Noyabr 2023 12:18
209
MAA-nın baş məşqçisi: “O günlərin qayıtmasını, voleybolun yenidən inkişaf etməsini istəyirəm” – MÜSAHİBƏ

Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası”nın baş məşqçisi Vüqar Əliyevin İdman.biz saytına müsahibəsi

- Ölkə çempionatının ilk qarşılaşması “Azərreyl”lə “Abşeron” arasında oldu. Birincilərin startda məğlubiyyəti sizi təəccübləndirmədi ki?
- Açılış oyununda “Abşeron”un qələbəsi əksər mütəxəssisləri təəccübləndirdi. Matça “Azərreyl” çox arxayın çıxmışdı. Onlar sanki 3:0 qalib gələcəklərini düşünürdülər. “Abşeron” isə heyətini 2 dominikanlı voleybolçu ilə gücləndirmişdi. Görüşdən əvvəl qalib komandanın baş məşqçisi Famil Ağayevlə də söhbətim oldu. Kimi meydana buraxacağı ilə bağlı tərəddüd içində idi. Amma həmin matçda “Abşeron”nun yerli voleybolçuları çox əla çıxış etdilər. Açılış görüşü voleybolun əsl komanda oyunu olduğunu bir daha göstərdi. “Azərreyl” bu voleybolçuların fərdi göstəricilərinə görə rəqibini üstələsə də, komanda oyununda rəqibinə çata bilmədi. İdman növünün fərqi yoxdur, gərək rəqibinə hörmətlə yanaşasan.

- “Milli Aviasiya Akademiya”sı bu gün çempionatda debüt edəcək. Mövsümə tam hazır olduğunuz demək olar?
- Yaxşı komanda qurduğumu düşünürəm. Çox sevinirəm ki, həm yerli, həm milli komandada oynayan, həm də legioner voleybolçularımız var. Gənc yerlilərimizin milli komandaya çox faydalı olacağını düşünürəm.

- Klubun yeni yaradılması sizin üçün hansı çətinliklərə yol aça bilər?
- Təbii ki, bəzi çətinliklərimiz var. Ən sonda toplanan komanda biz olduq. Avqust və sentyabrda oyunçu tapmaq çətindir. Voleybolçular əksər vaxt mövsümdən bir qədər əvvəl müqavilə bağlamaq istəyirlər. Bu gün voleybolda olduğum üçün Faiq Qarayevə təşəkkürümü bildirirəm. O, mənə çox dəstək olub. Bir çox klublarda çalışmışam. İndi təcrübəmi yeni klubumda tətbiq etməyə çalışacam. Öz zalımız yoxdur. Bunun yaxın vaxtda aradan qaldırılması gözlənilir. Milli Aviasiya Akademiyasına köçməliyik. Orda təmir işləri gedir. “Murov AZ Terminal”ı bizə məşq etmək üçün zal təşkil edib. Çətinliklərimiz olsa da, sona qədər işləyirik və istəyirik ki, komandamız çempionatda yüksək yerlərdə olsun.

- “Milli Aviasiya Akademiyası”nın mövsümdə əsas hədəfləri nədir?
- İlk hədəfimiz “dördlük”də yer almaqdır. Oyunumuzu izləməyə gələn mütəxəssislərə və azarkeşlərə gözəl oyun göstərməyə çalışacağıq. Əsas hədəflərimizdən biri də ölkəmizdə voleybolun inkişafıdır. Elə mübarizə aparmalıyıq ki, matçları izləməyə gələn valideynlər bundan həvəslənsin və öz uşaqlarını voleybola qoysunlar.

- Yüksək Liqadakı rəqiblər haqqında nə düşünürsüz?
- Bu il limit yoxdur. Meydanda 6 yerli və ya əksinə 6 əcnəbi voleybolçu ola bilər. Bu da rəqabəti artıracaq. Çox güclü bir çempionat olmalıdır. Mövsüm bir qədər UNEC komandası üçün çətin keçəcək. Digər kollektivlərdən fərqli, onlar yalnız gənc voleybolçulardan təşkil olunublar. İlk matç bizə göstərdi ki, hələ sürprizlər də çox olacaq. Təbii ki, komandamızdan da bunu gözləyirəm. Hansı ki, mütəxəssislər bəzi kollektivlərin bizdən güclü olduğunu düşünürlər.

- Onda voleybolsevərləri gərgin və maraqlı mövsüm izləyəcəklər...
- Bu, sözsüzdür. Federasiya gələn il komanda sayının 8 olmasını istəyir. Təbii ki, iştirakçıların hər biri bu il çempion olmaq arzusundadır. Amma hər şeydən əvvəl gözəl oyunumuz ilə azarkeşləri arenaya cəlb etməyə çalışmalıyıq. 2002-ci ildən 2004 –cü illərə qədər azarkeş əlindən zallara girmək mümkün olmurdu. O zaman oyunlar Bakı İdman Sarayında keçirilirdi. Voleybolsevərlər bilet davası edirdilər. O günlərin qayıtmasını, voleybolun yenidən inkişaf etməsini istəyirəm. Millimizin Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında iştirak etməsini diləyirəm. Düşünürəm ki, milli komandanın baş məşqçisinin yerli mütəxəssis olsa, yaxşıdır. Ümid edirəm ki, istəklərim reallaşacaq.

Emin Ağa

İdman.biz