Klub mövsümünü başa vuran Azərbaycan millisinin bir neçə voleybolçusu artıq gələcəklə bağlı planlarını müəyyənləşdirməyə başlayıb. Polina Rəhimova Cənubi Amerikadan Avropaya qayıtdığını, Ayşən Abduləzimova isə Macarıstanda bütün titulları qazandığı “Vaşaş”la vidalaşdığını açıqlayıb. Şübhəsiz ki, digər oyunçular da yaxın gələcəkdə planlarını bölüşəcəklər.
İdman.biz xəbər verir ki, bir çox çempionatlarda mövsüm hələ rəsmən başa çatmasa da, artıq ilk transferlər reallaşıb.
Nümunə olaraq yeni iş yeri ilə bağlı mümkün qədər tez qərar verən Polina Rəhimovanı göstərmək olar. Ötən mövsüm hücumçu üçün "Osasko"da hər mənada uğurlu oldu - o, əvvəlcə Paulista kubokunu, daha sonra Braziliya kubokunu qazandı, ölkə çempionluğu titulu isə final akkordu oldu. İdmançımız sübut etdi ki, o, öz mövqeyində ən dəyərlilərdən biri olaraq qalır və matçların nəticəsini həll edə bilən cokerdir. Rəhimova istədiyi qədər heyətə düşməsə də, boşuna dəvət olunmadığını sübut etmək üçün hər fürsətdən yararlandı. Beləliklə, hücumun lideri "Osasko"nun uğurlarına əhəmiyyətli töhfə vermiş oldu.
İndi Rəhimova karyerasını “Panionios”da davam etdirəcək. Yunanıstan liqasının ortabab komandası ötən mövsüm müntəzəm çempionatda yeddinci yeri tutub, 1/4 finalda isə gələcək finalçı PAOK-a uduzub. Eyni zamanda, "Panionios" Çağırış kubokunda oynamaq hüququ qazanıb və indi avrokubokları da düşünərək heyətini formalaşdırır. Bu mənada Rəhimovanın gəlişi böyük hadisədir və o, artıq Yunanıstan voleybol tarixinin ən böyük transferlərindən biri kimi təqdim olunur. Voleybolçumuz üçün bu, həm də yeni çağırışdır - zəngin karyerasına baxmayaraq, o hələ Yunanıstanda oynamayıb.
Öz növbəsində Ayşən Abduləzimova 2018-ci ildən "Vasas"da çıxış edirdi və bu klub ona doğma evdən də artıq idi. Blokçu komandadan ayrılmağın çətin olduğunu etiraf edib. Bu illər ərzində o, beş dəfə Macarıstan çempionatının və kubokunun qalibi olub. Budapeşt komandası son mövsümlərdə Çempionlar Liqası qrup mərhələsinin daimi iştirakçısına çevrilib. Ayşən isə son üç il ərzində “Vasas”ın kapitanı, aparıcı qüvvəsi, sistemini formalaşdıran voleybolçu olub.
Abduləzimovanın karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil, amma yəqin ki, bu barədə müəyyən düşüncələri var. Çox güman, yaxın həftələrdə hər şey aydınlaşacaq.
Mövsümü parlaq keçirən voleybolçulardan biri də Yelizaveta Ruban olub. O, Olena Xarçenko ilə birlikdə "Alba"nın heyətində Rumıniya çempionluğunu və kubokunu qazanıb və CEV kubokunun finalında oynayıb. Ruban son bir neçə mövsümdə - "Luqoj"dakı çıxışı da daxil - Rumıniya liqasının ən məhsuldar hücumçularından biri olaraq qalır. Onun karyerasını "Alba"da davam etdirib-etdirməyəcəyini zaman göstərəcək. Yəqin ki, hücumçunun yeni təkliflərlə bağlı problemi yoxdur.
Zəki Feyzullayev
İdman.biz