“Gəncə”nin legioneri: “Keçmişi xatırlamaq istəmirəm, yeni zirvələrə can atmaq istəyirəm” - MUSAHİBƏ

Müsahibə
14 Oktyabr 2023 13:38
151
“Gəncə”nin legioneri:  “Keçmişi xatırlamaq istəmirəm, yeni zirvələrə can atmaq istəyirəm” - MUSAHİBƏ

“Gəncə” klubunun rusiyalı voleybolçusu Olqa Zaxarova İdman.biz saytına müsahibə verib. “Uraloçka”nın sabiq oyunçusu karyerasından danışıb, hədəflərini açıqlayıb.

- Voleybola gəlişini necə alınıb və bu idman növünü niyə seçmisiz?

- Voleybola 11 yaşımdan başlamışam. Bu idman növünə gəlişim gözlənilməz və təsadüfən alınıb. Bir gün düşərgədən qatarla evə qayıdarkən müşayiətçimiz gördü ki, boyuma görə yaşıdlarımdan fərqlənirəm. Yanıma gəlib, idmanla məşğul olub-olmadığımı soruşdu və mənfi cavabımı eşidəndə mənə təklifi olduğunu bildirdi. Düşəcəyim stansiyada qatar dayanarkən o qaçdı və tez anamın nömrəsini götürdü. Daha sonra Yekaterinburqda oynamaq variantını təklif etdi. Uzun sürən danışıqlardan sonra nəhayət, anam razılaşdı və biz yeni yola çıxdıq. Nəticədə voleybol oynamağa başladım.

- Voleybol sizin üçün... Cümləni tamamlayın.

- ... yeni üfüqlər açıb, nəbzimin sakitləşməsinə imkan verməyəndir.

- Artıq müəyyən təcrübəniz var. Karyeranızda ən vacib məqamlar kimi nəyi fərqləndirərdiz?

- Əlbəttə, təcrübəm var, amma keçmişi xatırlamaq istəmirəm, yalnız yeni zirvələrə can atmaq istəyirəm.

- Azərbaycanda sizi necə qarşıladılar?

- Azərbaycanda biz diqqət mərkəzindəyik. Artıq Gəncə şəhərində voleybol klubunun fəaliyyətə başlaması barədə məlumatlıdırlar və buna çox sevinirlər. Hamı bizə qələbələr arzulayır. Təbii ki, yaxşı nəticə göstərək və azarkeşlərimizi sevindirmək üçün çox çalışacağıq.

- “Gəncə”ni seçməyinizin hansısa səbəbi var?

- Özümü yeni bir klubda sınamaq istəyirdim.

- Müəyyən müddətdir Azərbaycandasız. Ölkəmizdə voleybol hazırkı durumu ilə bağlı nə deyə bilərsiz?

- Düzünü desəm, Azərbaycanın voleybol dünyasında baş verənləri izləməmişəm. Amma ümid edirəm ki, məni yaxşı mənada təəccübləndirəcək.

- “Gəncə”də hədəfləriniz nə olacaq?

- Verilən tapşırıqları yerinə yetirmək və gözəl oyun göstərmək.

Şəbnəm Rəhimova

İdman.biz