Sergey Çasnavitski: “Gəncə” ölkə çempionatında əsas rəqiblərdən biri olacaq”

Xəbərlər
6 Noyabr 2024 11:08
180
Sergey Çasnavitski: “Gəncə” ölkə çempionatında əsas rəqiblərdən biri olacaq”

“Rəqib daha yaxşı oyun nümayiş etdirdi. Biz öz oyunumuzu göstərə bilmədik”.

Bunu İdman.bizə qadın voleybolçulardan ibarət “Gəncə” klubunun baş məşqçisi Sergey Çasnavitski deyib.

O, “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan Azərbaycan kubokunun finalında məğlub olmalarının səbəbini açıqlayıb. Belaruslu mütəxəssis etiraf edib ki, 3:0 hesabı ilə qalib gələn “Abşeron” daha yaxşı oynayıb: “Biz özümüzü göstərə bilmədik. Məğlubiyyət səhvlərimizi görməkdə bizə kömək edəcək. Komandamızın potensialını yüksək qiymətləndirirəm. Heyətdə yetərincə güclü və peşəkar voleybolçular yer alır”.

Çasnavitski kubokda finala qədər irəliləmələrini mövsümə uğurlu start kimi qiymətləndirib:” Artıq bütün diqqətimizi ölkə çempionatına yönəltmişik. Əsas hədəfimiz ölkə çempionatının pley-off mərhələsinə yüksəlməkdir. Sonra isə baxımlı oyun nümayiş etdirərək yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Heyətdə böyük dəyişikliyin olacağını düşünmürəm. Ancaq bəzi mövqelər üzrə yeni oyunçular üzrə axtarışlarımız davam edir. Məqsədimizə nail olmaq üçün düşünürəm ki, komandaya 2 voleybolçu cəlb edilə bilər. Builki heyətimiz çox güclüdür. Cari mövsüm “Gəncə” klubu ölkə çempionatında əsas rəqiblərdən biri olacaq”.

Banuçiçək Hüseynli
İdman.biz