“Murov” Qusar Kubokunu qazanıb - FOTO

Xəbərlər
29 May 2024 10:13
106
“Murov” Qusar Kubokunu qazanıb - FOTO

Qusar Olimpiya İdman Kompleksində 16 yaşadək qızlar arasında voleybol üzrə açıq Qusar Kuboku keçirilib.

İdman.biz xəbər verir ki, 28 May - Müstəqillik gününə həsr olunmuş yarışda Bakının "Sərhədçi", "Aura" və "Murov", eləcə də Quba, Xaçmaz və Qusar kollektivləri mübarizə aparıblar.

Açılış mərasimində Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kompleksin direktoru Elşən Məmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə sektor müdiri Emil Əmirmətov, Azərbaycanın əməkdar məşqçisi Gülnarə Mürsəlova çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar.

Bədii hissədə isə "Show Group Lezginka" rəqs qrupu və qusarlı tanınmış müğənni Cəmilə Zalovanın çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.

Daha sonra yarışa start verilib. Reqlamentə əsasən, Qusar, Xaçmaz və "Murov" komandaları A qrupunda, Quba, "Sərhədçi" və "Aura" isə B qrupunda çıxış edib. Qrup mərhələsində daha yaxşı nəticə göstərən Xaçmaz, "Murov", Quba və "Sərhədçi" komandaları yarımfinala yüksəliblər. Finala gedən yolda isə Xaçmaz Qubaya, "Murov" "Sərhədçi"yə qalib gəlib.

3-cü yer uğrunda görüşdə Quba "Sərhədçi"ni üstələyərək, bürünc medala yiyələnib. Finalda Xaçmaz komandasını yenən "Murov" isə turnirin qalibi olub.

Mükafatlandırma mərasimində Milli Məclisin Qusardan olan deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov, Quba-Xaçmaz Regional Gənclər və İdarəsinin rəisi Nəcəf Novruzov, Qusar rayon icra hakimiyyətinin məsul əməkdaşı Ceyhun Hacıyev çıxış edərək, turnirin əhəmiyyətindən danışıblar.

Daha sonra Quba komandasına bürünc, Xaçmaz kollektivinə gümüş medallar verilib. Turnirin qalibi "Murov" komandası isə qızıl medal və kubokla təltif olunub.

Qeyd edək ki, açıq Qusar Kuboku Qusar Olimpiya İdman Kompleksi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

İdman.biz

Məqalədə: