Millimizin baş məşqçisi: "Bir günün içində komandaya qiymət vermək olmaz"

Xəbərlər
17 May 2024 20:09
166
Millimizin baş məşqçisi: "Bir günün içində komandaya qiymət vermək olmaz"

“Komanda bu gün gözlədiyimdən zəif çıxış etdi”.

İdman.biz xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

O, yığmanın Qızıl Avropa Liqasında Rumıniyaya 0:3 hesablı məğlubiyyətini şərh edib. Mütəxəssisin sözlərinə görə, komandası qəbulda maksimum gücünü ortaya qoysa da, hücumda çox səhvlərə yol verib: "Həmçinin lazımı topları "öldürə" bilmədik. Rəqib də güclü idi. Təcrübəli komandadır. Heyətindəki oyunçular illərdir bir yerdədilər. Bizim komandada gənc oyunçular çoxdur. Təcrübəli oyunçulardan isə cəmi 4 nəfəri heyətə qatmışıq. Servisdə oyunçularımızın təcrübələrini tam olaraq görmədim. Yeni yığılmış komandadır. Bir günün içində komandaya qiymət vermək olmaz. Gərək illərlə, aylarla oyun səviyyəmizi artıraq. Ümid edirəm ki, gələn matçlarda daha yaxşı oyun nümayiş etdirəcəyik”.

O, iki gün sonra Ukrayna yığmasına qarşı layiqli mübarizə aparacaqlarını vurğulayıb: “Bu rəqib də zəif deyil. 14 gün içərisində oynayacağımız komandaların hamısı öz aralarında oynayan yığmalardır. Biz 15 gündür toplaşmışıq və cəmi 2 həftə məşq keçməyə imkanımız olub. Lakin Rumıniya 5 gün bundan qabag Şimali Makedoniya ilə yoldaşlıq oyunu keçirib. Ona görə də onların oyun tərzi bizdən daha yüksək səviyyədədir. İki gün sonra qarşılaşmanın olması isə komandada əlavə yorğunluq yaratmayacaq. Çünki bizim elə yarışlarımız olub ki, 3 gün dalbadal mübarizə aparmışıq. Komandanın fiziki gücündən razıyam, bu baxımdan heç bir problem yoxdur. 5 seti sona qədər oyaya biləcək gücdədirlər. Ona görə də fiziki güclərinə bələdəm”.

Qeyd edək ki, millimiz mayın 19-da Ukrayna ilə üz-üzə gələcək.

Banuçiçək Hüseynli
İdman.biz