Türkiyənin Qars şəhərində Azərbaycanın 8 Noyabr - Zəfər Günü və Türkiyənin Respublika Günü münasibətilə təşkil olunan voleybol üzrə Zəfər Turniri başa çatıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 4-6-da keçirilən yarışda Qafqaz Universitetinin müxtəlif fakültələrini təmsil edən səkkiz komanda iştirak edib.
Üç gün davam edən mübarizənin yekununda İdman Elmləri Fakültəsinin komandası turnirin qalibi olub. Baytarlıq Fakültəsinin voleybolçuları ikinci, İqtisadiyyat Fakültəsinin təmsilçiləri isə üçüncü yeri tutublar.
Noyabrın 6-da final və üçüncü yer uğrunda qarşılaşmalardan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara kubok və sertifikatlar təqdim olunub.
Mərasimdə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, diplomatik missiyanın əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Qeyd edək ki, turnir Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Qars Bələdiyyəsi və Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Klubunun birgə təşkilatçılığı ilə keçirilib.
