DSX-nin struktur qurumları arasında Zəfər Gününə həsr olunmuş yarış keçirilib - - FOTO

6 Noyabr 2026 15:22
53
DSX-nin struktur qurumları arasında Zəfər Gününə həsr olunmuş yarış keçirilib

“Sərhədçi” İdman Mərkəzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları arasında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin altıncı ildönümünə həsr olunmuş voleybol yarışları keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan final mərhələsində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımızın çoxəsrlik dövlətçilik və hərb tarixinin ən şanlı səhifələrindən biri olduğunu, 30 ilə yaxın davam etmiş işğala son qoyularaq ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini xüsusi vurğulayıblar.

Tədbirdə şanlı Zəfərin qazanılmasında Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edilmiş, Müzəffər Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş döyüş tapşırıqlarının yüksək peşəkarlıq, igidlik və fədakarlıqla yerinə yetirildiyi bildirilib. Vətən müharibəsi zamanı hava və quru döyüş əməliyyatlarında fəal iştirak edən Azərbaycan sərhədçilərinin torpaqlarımızın işğaldan azad olunmasına mühüm töhfələr verdikləri qeyd edilib.

Voleybol üzrə keçirilən yarışların final mərhələsinə vəsiqə qazanmış dörd komanda arasında gərgin və maraqlı mübarizə şəraitində baş tutan oyunların nəticələrinə əsasən, “Çevikçilər” komandası birinci, “Şahinlər” komandası ikinci, “Sərhədçi” komandası üçüncü yerə layiq görülmüş, “Zəfər” komandası isə dördüncü yerdə qərarlaşıb.

Yarışlarda fərqlənmiş komandaların mükafatlandırılması mərasimi keçirildikdən sonra Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə bayram konserti təşkil edilib.

Şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş yarışlar yüksək vətənpərvərlik, milli qürur, birlik və qələbə ruhunda yekunlaşıb.

İdman.Biz