Azərbaycanda kişi voleybolçular arasında Super Liqanın üçüncü turu başlayır

6 Noyabr 2026 09:22
46
Azərbaycanda kişi voleybolçular arasında Super Liqanın üçüncü turu başlayır

Azərbaycanda kişi voleybolçular arasında Super Liqanın üçüncü turunun növbəti oyunları bu gün keçiriləcək.

İdman.Biz xəbər verir ki, gün ərzində iki görüş baş tutacaq.

İlk qarşılaşmada “Gənclər” və “Xilasedici” komandaları üz-üzə gələcəklər. Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 17:00-da başlayacaq.

“Gənclər” komandası keçirdiyi hər iki görüşdə məğlub olub və turnir cədvəlində sonuncudur. “Xilasedici” isə iki oyundan 6 xal toplayaraq ikinci pillədədir.

Günün ikinci görüşündə isə “Murov Az Terminal” “Neftçi” ilə qarşılaşacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq matçın startı saat 18:00-a nəzərdə tutulub.

“Murov Az Terminal”ın iki oyundan bir qələbəsi var və 3 xalla üçüncü pillədədir. “Neftçi” isə keçiridiyi hər iki görüşdə məğlub olub.

Turnir cədvəlinə 9 xalla “Ordu” başçılıq edir.

Qeyd edək ki, üçüncü turun ilk görüşü noyabrın 4-də keçirilib. Həmin qarşılaşmada “Ordu” “Azərreyl”i 3:0 (25:19, 25:18, 26:24) hesabı ilə məğlub edərək mövsümdə ardıcıl üçüncü qələbəsini qazanıb.

İdman.Biz