Polina Rəhimova: “Növbəti rəqibimiz daha güclüdür, lakin biz də zəif deyilik”

6 Noyabr 2026 12:27
50
Polina Rəhimova: “Növbəti rəqibimiz daha güclüdür, lakin biz də zəif deyilik”

“Qələbə münasibətilə komandamı təbrik edirəm. Oyun bizim üçün bir qədər çətin keçdi. Xüsusilə servis və qəbul zamanı çoxlu səhvlərə yol verdik. Amma sona qədər mübarizə apardıq və qələbə qazandıq”.

İdman xəbər verir ki, bu sözləri CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda Danimarkanın “Holte IF” klubunu 3:0 hesabı ilə məğlub edən “DH Volley”in voleybolçusu Polina Rəhimova qarşılaşmadan sonra təəssüratlarını bölüşərkən deyib.

Təcrübəli hücumçu matçın gedişatını dəyərləndirib, növbəti mərhələdəki rəqiblə bağlı fikirlərini bildirib və azarkeşlərə dəstəklərinə görə minnatdarlıq edib:

“Növbəti mərhələdə bizi Polşa komandası gözləyir. Budəfəki rəqibimiz daha güclü komandadır, lakin biz də zəif deyilik. İnşallah, onlara da qalib gələrik. Bu oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün məşqlərdə öz üzərimizdə daha çox işləməliyik. Yeni rəqibə qarşı fərqli taktika ilə oynamalıyıq. Çünki bu iki komanda arasında böyük fərq var.

Bütün azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Onları növbəti oyunlarımızda da bizə dəstək olmağa dəvət edirəm. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Bir daha komandamı təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram. Çox sağ olun“.

İdman.Biz