“Bir-birimizə güvənsək, Çempionlar Liqasında yaxşı nəticə qazana bilərik” - “Turan”ın voleybolçusunun İDMAN.BİZ-ə AÇIQLAMASI

25 Sentyabr 2026 17:28
121
“Bir-birimizə güvənsək, Çempionlar Liqasında yaxşı nəticə qazana bilərik” - “Turan”ın voleybolçusunun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Turanda” getdikcə daha güclü komanda formalaşır. Düşünürəm ki, zaman keçdikcə inkişafımızı davam etdirəcəyik”.

Bunu “Turan”ın 31 yaşlı voleybolçusu Li Da Yen İdman.Biz-ə açıqlamasında deyib.

Cənubi Koreyadan olan voleybolçu hazırda komandanın əsas məqsədinin vahid kollektivə çevrilmək olduğunu bildirib. Onun sözlərinə görə, bu baş tutarsa, Tovuz təmsilçisi həm Azərbaycan çempionatında, həm də Çempionlar Liqasında yaxşı nəticələr qazana bilər.

“Çempionat hələ başlamadığı üçün hazırda nəticələri proqnozlaşdırmaq çətindir. Amma məncə, ən vacib məqam bir-birimizə kömək etmək və güvənmək, vahid komanda olmaqdır. Əgər belə bir birlik yarada bilsək, inanıram ki, həqiqətən güclü komandaya çevrilə və həm ölkə çempionatında, həm də Çempionlar Liqasında yaxşı nəticələr qazana bilərik”, - deyə o bildirib.

Voleybolçu Tovuz klubunun təklifini qəbul etməsinin səbəbindən də danışıb:

“Mən özümü sınamaq və Azərbaycan çempionatında gücümü yoxlamaq istəyirdim. Bu liqa haqqında müəyyən məlumatım var idi və fərqli mühitdə yeni təcrübə qazanmaq istəyirdim”.

Azərbaycanın son çempionu Li Da Yenin əkiz bacısı Li Ce Yenlə də müqavilə imzalayıb. Voleybolçunun sözlərinə görə, onlara təklif ayrı-ayrılıqda gəlib:

“Hər birimiz vəziyyəti düşünüb öz qərarımızı verdik. Daha sonra bunu birlikdə müzakirə etdik və belə nəticəyə gəldik ki, bu mövsüm eyni komandada çıxış etmək üçün sonuncu şansımız ola bilər. Buna görə yenidən birlikdə oynamaq imkanının yaranması bu mövsümü bizim üçün xüsusi edir”.

Voleybolçu komandaya uyğunlaşma prosesinin də yaxşı getdiyini qeyd edib. Onun sözlərinə görə, onları mehriban qarşılayıb, qayğı, dəstək və diqqətlə əhatə ediblər.

Qeyd edək ki, “Turan” qarşıdakı mövsümə hazırlıq məqsədilə İtaliyada təlim-məşq toplanışındadır. Tovuz təmsilçisi CEV Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Azərbaycan çempionu ilk oyununu oktyabrın 20-də Tovuzda keçirəcək. “Turan” bu mərhələdə Xorvatiyanın “Mladost” (Zaqreb) klubu ilə qarşılaşacaq.

İdman.Biz