Avropa Voleybol Konfederasiyasının (CEV) Baş Assambleyası keçirilib - FOTO

25 Sentyabr 2026 13:11
73
Avropa Voleybol Konfederasiyasının (CEV) Baş Assambleyası keçirilib - FOTO

İtaliyanın Milan şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) 47-ci Baş Assambleyası keçirilib.

İdman.Biz xəbər verir ki, CEV prezidenti Roko Sikiriçin rəhbərlik etdiyi iclasda 54 ölkənin yerli federasiyalarının nümayəndələri iştirak ediblər.

Yığıncaqda Azərbaycan Voleybol Federasiyasını (AVF) baş katib Faiq Orucov təmsil edib. Həmçinin tədbirdə CEV İdarə Heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyası prezidentinin müşaviri Cəlil Cəfərov iştirak edib.

Tədbir iştirakçılarını salamlayan CEV prezidenti cari ildə keçirilən yarışlardan, eləcə də hazırda davam edən kişi voleybolçular arasında Avropa çempionatı ilə bağlı bəzi məqamlara toxunub:

“Cari ildə bir sıra uğurlar qazandıq və yeniliklər etdik. Qarşılaşmaları televiziya vasitəsilə canlı izləyən tamaşaçıların sayında məhz bu il ən yüksək göstərici qeydə alınıb. Kommersiya tərəfdaşlığında yeni mərhələlərə çatdıq, həmçinin Avropa çempionatına ev sahibliyi edən ölkələrdə tamaşaçıların böyük marağını müşahidə etdik. “EuroVolley”ə ev sahibliyinin təkcə idman və təbliğat baxımından deyil, həm də müsbət maliyyə nəticələri baxımından dəyər yaratdığını gördük.

“EuroVolley” voleybolun gücünü və qarşımızda duran potensialı bir daha nümayiş etdirdi. Oyunlarda tribunalar dolu idi və möhtəşəm atmosfer vardı. Bu möhtəşəm tədbirlərin həyata keçirilməsinə görə bütün ev sahibi federasiyalara, komandalara, idmançılara, könüllülərə, tərəfdaşlara, və bütün CEV Baş Ofis komandasına təşəkkürümü bildirirəm.

Bu həftələr ərzində yaşadıqlarımız böyük kollektivin əməyinin nəticəsidir. “EuroVolley”də gördüklərimiz Avropa voleybolunda əldə etdiyimiz tərəqqini əks etdirir”.

CEV prezidenti çıxışında qurumun Həmrəylik Fondu ilə bağlı bəzi məqamlara da toxunub:

“Keçən il Parisdə biz bu ideyanı təqdim etdik. Bu il isə o, artıq reallaşıb və ilk layihələr təsdiqlənib. Mən vacib bir prinsipi vurğulamaq istəyirəm. Həmrəylik Fondu hər bir milli federasiya, klub və ya fərd üçün bir fürsətdir. Qərarlar layihənin keyfiyyətinə, potensial təsirinə və voleybola qazandıra biləcəyi dəyərə əsaslanır. Mənim əsas məqsədim Həmrəylik Fondunun güclü və davamlı bir quruma, şəffaf, etibarlı və hər hansı şəxsdən və ya səlahiyyət müddətindən asılı olmayaraq voleybolun inkişafına yönəlmiş bir quruma çevrilməsidir”.

Assambleya çərçivəsində cari ildə görülən işlər və əldə olunan nailiyyətlərlə bağlı hesabat təqdim olunub. Ənənəyə uyğun olaraq, Baş Assambleyada Avropa voleybolunun davamlı inkişafı şəraitində bu idman növünün qitə miqyasında və bütün səviyyələrdə daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.

Milanın ev sahibliyi etdiyi kişi voleybolçuların “CEV Enel EuroVolley 2026” turnirinin yarımfinal və medal oyunları ərəfəsində keçirilən tədbirdə rəsmilər qarşılaşmaları da canlı izləyiblər.

İdman.Biz