“Azərreyl”in baş məşqçisi: “Onları özümüzə əsas rəqib görürük”

Müsahibə
27 Yanvar 2024 09:58
148
“Azərreyl”in baş məşqçisi: “Onları özümüzə əsas rəqib görürük”

“Əsas məqsədimiz çempion olmaqdır. Yüksək Liqada bütün komandaları özümüzə əsas rəqib görürük”.

Bunu İdman.bizə qadın voleybolçulardan ibarət "Azərreyl"in baş məşqçisi Cengiz Akarçeşme deyib.

Türkiyəli mütəxəssis ikinci dövrədən sonra durumlarını dəyərləndirib. X turda əsas rəqibləri “Abşeron” üzərində 3:2 hesabı ilə qələbə qazanan Akarçeşme bildirib ki, hədəfə doğru addım-addım irəliləyirlər: “Hesabat turunda matçın gedişində geri düşməyimiz taktikaya düzgün riayət edilmədiyi üçün baş verdi. 1-ci setdə 6 xallıq üstünlüyümüzü çox sayda hücum səhvindən sonra əldən verdik. Eyni zamanda, taktikaya uyğun oynamadıq. Bu səhvlər 2-ci hissədə də davam etdi və 0:2 hesabı ilə geri düşdük. Sonradan bu səhvləri aradan qaldırdıq və qələbə qazandıq”.

O, ilk dəfə Azərbaycan çempionatında tətbiq olunan çelenc sisteminə də münasibət bildirib. Çalışdırıcının sözlərinə görə, bu ölkə voleybolunun xeyrinə olacaq: “Həm hakimlərin, həm də bizim gözümüzdən qaçan məqamları təspit etdiyi üçün hər iki tərəfə xeyir verəcək. Türkiyədə bununla bağlı bir məqalə hazırlamışdım. Ordan belə bir nəticə ortaya çıxmışdı ki, hakimlərin çelenclər zamanı haqlı olması daha çox görünür”.

Qeyd edək ki, “Azərreyl” 10 turdan sonra 24 xalla liderdir.

Emin Ağa
İdman.biz