“Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında əla iş görüb və böyük təcrübə qazanıb”.
Bu barədə qadın voleybolçulardan ibarət yığmanın üzvü Mariya Kirilyuk deyib.
31 yaşlı idmançı turnirin 1/8 finalında Türkiyəyə uduzduqları (0:3) oyun haqqında danışıb.
“Avropa çempionatında çıxışımız başa çatdı. 1/8 finala yüksəldik və Türkiyə ilə qarşılaşdıq. Təəssüf ki, 0:3 hesabı ilə uduzduq və mübarizəni dayandırdıq. Nəticəyə baxmayaraq, düşünürəm ki, turnirdə əla iş gördük və böyük təcrübə qazandıq. Belə bir yarışda iştirak etmək, ölkəmi təmsil etmək və Avropanın ən güclü komandalarına qarşı oynamaq mənim üçün böyük şərəf və məmnuniyyət idi”, - deyə o report.az-a açıqlamasında bildirib.
M.Kirilyuk komandada bəzi çatışmazlıqların olduğunu etiraf edib:
“Hələ də üzərində işləməli olduğumuz məqamları gördük və əminəm ki, bu təcrübə gələcəkdə bizə mütləq kömək edəcək. Komandamıza, məşqçilərimizə və turnir ərzində bizi dəstəkləyən hər kəsə təşəkkür edirik”.
