Qadınlardan ibarət “Turan” voleybol klubu CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Maritsa” komandası ilə keçirəcəyi cavab oyununa tam hazırdır.
İdman.Biz xəbər verir ki, bu barədə klubun voleybolçusu, Azərbaycan millisinin liderlərindən biri Yelizaveta Ruban bildirib.
“Matça hazırlaşırıq və məqsədimizə çatmaq üçün həlledici addımı atmalıyıq. Hesab edirəm ki, 100 faiz hazırıq və oyuna köklənmişik. Asan olmayacaq, amma doğma azarkeşlərimizin dəstəyi ilə oynamaq bizim üçün böyük üstünlükdür”, – deyə o bildirib.
Tovuz təmsilçisi səfərdə “Maritsa”ya 3:0 (25:22, 25:22, 25:20) hesabı ilə qalib gəldikdən sonra Avropa Voleybol Konfederasiyası (CEV) “Turan”ı Azərbaycanın ən titullu klubu “Rabitə” ilə müqayisə edib. Ruban da bu barədə fikirlərini bölüşüb:
“Vaxtilə “Rabitə” möhtəşəm komanda idi. Orada tanınmış, yüksək səviyyəli voleybolçular çıxış edirdilər. “Turan”da da belə oyunçular var. Amma hesab edirəm ki, “Rabitə”nin voleybolçuları yenə də daha güclü idilər. Bununla belə, cəmi ikinci mövsümünü keçirən “Turan” üçün bunlar çox yaxşı nəticələrdir. Allah qoysa, Çempionlar Liqasının qrup mərhələsində oynayarıq və Azərbaycanda titullar uğrunda mübarizə apararıq”.
Voleybolçu qrup mərhələsinə vəsiqə qazansalar belə, turnirin növbəti mərhələsinə yüksəlməyin asan olmayacağını vurğulayıb:
“Hazırda əsas məqsədimiz qrupa düşməkdir. Orada necə oynayacağımızı isə hələ müzakirə etməmişik. Əlbəttə, qrupda da yaxşı voleybol göstərmək istəyirik. Amma realist yanaşsaq, məqsədimiz qrupda üçüncü yeri tutmaq və daha sonra CEV Kubokunda mübarizəni davam etdirməkdir”.
Yelizaveta Ruban Azərbaycanda klub voleyboluna qayıtması ilə bağlı təəssüratlarını da bölüşüb:
“Superliqada hələ çıxış etməyə başlamamışıq, indiyədək cəmi bir neçə yoxlama oyunu keçirmişik. Qayıtdığım üçün çox sevinirəm. Bura mənim doğma meydanımdır və burada oynamaq həmişə xoşdur. Çempionlar Liqasına vəsiqə qazanmaqda doğma klubuma kömək etmək və yenidən bu turnirdə oynamaq istədiyim üçün qayıtmışam. Azərbaycanda gənc voleybolçuların inkişaf etməsinə və təcrübəmi onlarla bölüşmək imkanımın olmasına sevinirəm. İstərdim ki, çempionatın ümumi səviyyəsi də yüksəlsin. Çünki inkişaf üçün imkanlar və qarşıda çoxlu hədəflər var”.
Ruban Superliqada ölkə çempionu “Turan”la gümüş mükafatçı "DH Volley" arasında keçiriləcək gözlənilən qarşılaşma barədə də danışıb. Bu, ötən mövsümün əsas rəqabətlərindən biri olub. Bundan başqa, Bakı klubunun heyətində Azərbaycan millisinin digər liderlərindən biri, ölkəyə qayıdan Polina Rəhimova da çıxış edir.
“Azərbaycan millisinin demək olar ki, bütün üzvlərinin hazırda ölkə çempionatında çıxış etməsinə çox sevinirəm. Düşünürəm ki, hamı bu oyunu gözləyir. Çünki komandaların səviyyəsini nəzərə alsaq, maraqlı qarşılaşma olacaq”, – deyə voleybolçu fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycanın qadın voleybolçular arasında Superliqası noyabrın 6-da start götürüb. Hələlik nə “Turan”, nə də “DH Volley” cari mövsümdə ilk oyununu keçirib. Hazırda Tovuz təmsilçisi noyabrın 10-da saat 18:00-da öz meydanında baş tutacaq “Maritsa” ilə cavab görüşünə hazırlaşır.
Bolqarıstan klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, “Turan” tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
