Azərbaycan millisinin voleybolçusu: “Bu gün Belçika bizdən daha güclü idi”

27 Avqust 2026 00:05
113
Azərbaycan millisinin voleybolçusu: “Bu gün Belçika bizdən daha güclü idi”

Voleybol yığmamızın üzvü Yelizaveta Ruban Bakıda keçirilən Avropa çempionatının C qrupunda Belçikaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmadan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Ruban ilk növbədə oyunboyu komandaya dəstək verən azarkeşlərə təşəkkür edib.

“Əvvəlcə sonadək bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bu, bizim üçün çox xoş və dəyərli idi. Onların dəstəyi meydanda bizə böyük kömək göstərirdi.

Üçüncü setdə məğlubiyyətə məhz öz səhvlərimiz səbəb oldu. Ardıcıl 8-9 xal qazana bilmədik. Bundan sonra komandada ruh düşkünlüyü yarandı və bu da sonda məğlubiyyətlə nəticələndi.

Matça tam hazırlaşmışdıq və mübarizə aparmaq istəyirdik. Düşünürəm ki, bu gün rəqib bizdən daha güclü idi. Belçika ilə başabaş mübarizə apara bilərdik, amma onlar üstün tərəf oldular.

Biz yalnız qələbə haqqında düşünürdük. Sonadək mübarizə aparmaq və qalib gəlmək istəyirdik. Turnir cədvəli bizim üçün çox önəmlidir. Təəssüf ki, bu dəfə istədiyimiz nəticəni əldə edə bilmədik”, - deyə voleybolçu bildirib.

Qeyd edək ki, Azərbaycan millisi dörd turdan sonra 8 xalla Niderland və Belçika ilə birlikdə ilk üç pilləni bölüşür. Yığmamız turnirdə daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı 3:0, Rumıniyanı isə 3:2 hesabı ilə məğlub edib.

Foto: İslam Atakişiyev

İdman.Biz