Millimizin voleybolçusu: “Sona qədər mübarizə apardıq və qələbə qazandıq”

25 Avqust 2026 10:45
95
Millimizin voleybolçusu: “Sona qədər mübarizə apardıq və qələbə qazandıq”

Azərbaycan millisinin toppaylayıcısı Kristina Besman voleybol üzrə Avropa çempionatında Rumıniya üzərində qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, o, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Milli Gimnastika Arenasında keçirilən qarşılaşmanın gərgin mübarizə şəraitində keçdiyini bildirib.

Besman Rumıniya millisinin güclü tərəflərinə diqqət çəkib:

“Çox çətin oyun oldu. Rumıniya millisi güclü komandadır, xüsusilə servislərdə çox yaxşıdır. Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq. Lakin bu oyunda qalib gəlmək üçün əlimizdən gələni etdik. Sona qədər mübarizə apardıq və qələbə qazandıq”.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisi Rumıniyanı 3:2 hesabı ilə məğlub edib. Bu, yığmanın turnirdə ardıcıl üçüncü qələbəsi olub. Azərbaycan 8 xalla C qrupuna başçılıq edir.

İdman.Biz