Bəyaz Quluyeva: “İlk oyundakı səhvlərimiz üzərində çalışdıq”

24 Avqust 2026 09:59
83
Bəyaz Quluyeva: “İlk oyundakı səhvlərimiz üzərində çalışdıq”

Azərbaycan qadın voleybol millisinin liberosu Bəyaz Quluyeva İspaniya üzərində qazanılan qələbəni dəyərləndirib.

İdman.Biz xəbər verir ki, voleybolçu bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Quluyeva qarşılaşmanın gərgin keçəcəyini gözlədiklərini, lakin ilk oyundakı səhvlər üzərində çalışaraq daha yaxşı çıxış etdiklərini bildirib:

“Bu qələbəni qazanmaq çox xoş hissdir. Oyunun daha gərgin və çətin mübarizə şəraitində keçəcəyini gözləyirdik. İspaniya daha öncə Belçikaya kifayət qədər ciddi müqavimət göstərmişdi. Lakin biz də ilk oyundakı səhvlərimiz üzərində çalışdıq və bu gün daha yaxşı çıxış etdik, inamlı qələbə qazandıq”.

Milli üzvü əldə olunan uğuru azarkeşlərə həsr etdiklərini də vurğulayıb:

“Bu qələbəni bizi həm arenada canlı olaraq dəstəkləyən, həm də televiziya vasitəsilə izləyən bütün azarkeşlərimizə həsr edirik”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan millisi İspaniyaya 3:0 hesabı ilə qalib gəlib.

İdman.Biz