“Bizim üçün çətin mübarizə olacaq. Çünki bu, Avropa çempionatının final mərhələsində ikinci iştirakımızdır. Bu mərhələyə qədər gəlib çatdıqdan sonra növbəti raunda vəsiqə qazanmaq üçün hər oyunda mübarizə aparacağıq”.
Bu sözləri Bakıda təşkil olunacaq Avropa çempionatında iştirak edəcək qadın voleybolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Huqo Silva deyib.
O, ilk oyunda qarşılaşacaqları Azərbaycan yığmasının güclü komanda olduğunu bildirib.
“Azərbaycan çox keyfiyyətli, təcrübəli komandadır. Rəqibimizin hücum potensialı yüksəkdir və müdafiə xətti də kifayət qədər möhkəmdir. Bu qarşılaşma Portuqaliyanın ən yaxşı oyununu nümayiş etdirməsini tələb edəcək”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Baş məşqçi qeyd edib ki, Portuqaliyanın əsas üstünlüyü kollektiv oyun olmalıdır: “Kollektiv oyunumuz Azərbaycanın fərdi istedadlarını üstələməlidir. Yəni hər bir rəqibi təəccübləndirmək üçün sona qədər mübarizə aparacağıq”.
Qeyd edək ki, avqustun 21-də Milli Gimnastika Arenasında təşkil olunacaq Azərbaycan-Portuqaliya görüşü saat 19:00-da başlayacaq.
