Voleybol millimiz Avropa çempionatı öncəsi bütün sınaqlardan qalib ayrılıb - FOTO

13 Avqust 2026 10:16
170
Voleybol millimiz Avropa çempionatı öncəsi bütün sınaqlardan qalib ayrılıb - FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.

İdman.Biz xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma Bakıda təlim-məşq toplanışında olan Belarus millisi ilə iki dəfə qarşılaşıb.

Milli Gimnastika Arenasında təşkil olunan hər iki görüş Azərbaycan komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk qarşılaşmada millimiz setləri 25:17, 24:26, 25:17 və 25:14 hesabları ilə tamamlayaraq rəqibindən üstün olub.

İkinci oyunda da eyni nəticə qeydə alınıb. Azərbaycan voleybolçuları bu dəfə setləri 25:14, 25:19, 24:26 və 25:15 hesabları ilə başa vuraraq yenidən 3:1 hesablı qələbə qazanıblar.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesində Yunanıstan, Latviya və Belarus yığmalarının hər biri ilə iki yoxlama görüşü keçirib. Faiq Qarayevin komandası ümumilikdə altı qarşılaşmanın hamısından qalib ayrılıb.

Qeyd edək ki, qadın voleybolçular arasında 2026-cı il Avropa çempionatı avqustun 21-dən sentyabrın 6-dək Azərbaycan, Türkiyə, Çexiya və İsveçdə keçiriləcək. Turnirin qrup mərhələsinin oyunlarından biri Bakıda, Milli Gimnastika Arenasında təşkil olunacaq. Bakıdakı qarşılaşmalar avqustun 21-dən 28-dək davam edəcək.

İdman.Biz