“Bakıda ilk vəzifəmiz qrupdan çıxmaqdır” - Rumıniya millisinin kapitanının İDMAN.BİZ-ə AÇIQLAMASI

13 Avqust 2026 13:03
142
“Bakıda ilk vəzifəmiz qrupdan çıxmaqdır” - Rumıniya millisinin kapitanının İDMAN.BİZ-ə AÇIQLAMASI

Avqustun 21-də start götürəcək qadın voleybolçular arasında Avropa çempionatında Azərbaycan millisinin rəqiblərindən biri Rumıniya yığması olacaq. Komandalar avqustun 24-də Gimnastika Milli Arenasında qrup mərhələsinin oyununda üz-üzə gələcəklər. Bu qarşılaşma pley-off mərhələsinə yüksəlmək perspektivi baxımından həlledici ola bilər.

Rumınların lideri və yığmanın ən təcrübəli oyunçularından biri 27 yaşlı Rodika Buterezdir. Bakıdakı Avropa çempionatı onun karyerasında dördüncü belə turnir olacaq. Ona həmçinin komandanın kapitan sarğısı etibar edilib.

Voleybolçu İdman.Biz-ə açıqlamasında Azərbaycana səfərinin son hazırlıq mərhələsi barədə danışıb.

“Milli komandada ən gözəl şey qızları yenidən görməkdir. Biz daim birlikdəyik, asudə vaxtımızı da bir yerdə keçiririk. On ay dostlarını görmürsən, sonra birdən-birə hamı yenidən yanında olur. Bu, çox xoşdur”, - deyə Buterez bildirib.

Onun sözlərinə görə, milli komandanın həyatı heç də yalnız voleybol meydançası ilə məhdudlaşmır. Məşqlərdən sonra oyunçular hovuza və kinoya gedir, kart oynayır və sadəcə birlikdə vaxt keçirirlər.

“Məşqdə çalışmadığımız vaxt demək olar ki, tətilə bənzəyir. Amma Rumıniya mübariz komandadır. Məhz yüksək tələbkarlıqla oyunçular arasındakı yaxşı münasibətlərin vəhdəti millimizin güclü tərəflərindən biridir”, - deyə rumıniyalı kapitan etiraf edib.

Buterez uzun müddətdir Rumıniyanın əsas oyunçularından biridir. AVRO-2026-nın seçmə mərhələsində o, 45 xal toplayaraq qrupunu ikinci pillədə başa vuran və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan komandanın ən məhsuldar oyunçusu olub.

Bakıdakı turnirdə onun üzərinə daha bir mühüm vəzifə - kapitanlıq düşəcək. Lakin voleybolçu böyük turnirdə kapitan statusunun üzərində əlavə təzyiq yaratdığını düşünmür.

“Mənim üçün böyük turnirdə iştirak heç nəyi dəyişmir. Əgər ümumiyyətlə bunu təzyiq adlandıra bilsək, meydançaya hər çıxdığında təzyiq eynidir. Avropa çempionatında və ya başqa bir matçda oynamağından asılı olmayaraq, məsuliyyət eyni olaraq qalır”, - Buterez deyib.

O, qarşıdakı turnirdə qarşıya qoyulan vəzifələrdən də danışıb:

“Əsas məqsədimiz qrup mərhələsini keçməkdir. Bundan sonra çox şey digər qruplardakı nəticələrdən, turnir cədvəlindəki vəziyyətdən və pley-offda kiminlə qarşılaşacağımızdan asılı olacaq. Buna görə də hazırda ilk vəzifəmiz qrupdan çıxmaqdır. Bundan sonra isə daha nələrə nail ola biləcəyimiz barədə düşünə bilərik”, - Rumıniya millisinin kapitanı bildirib.

İdman.Biz