Rumıniya voleybol yığmasının baş məşqçisi: “Azərbaycan çox təhlükəli rəqibdir”

17 Avqust 2026 10:00
93
Rumıniya voleybol yığmasının baş məşqçisi: “Azərbaycan çox təhlükəli rəqibdir”

Rumıniya qadınlardan ibarət voleybol millisinin baş məşqçisi Gilyermo Naranxo Avropa çempionatının başlaması ərəfəsində avqustun 24-də Azərbaycan komandasına qarşı keçirəcəkləri oyunu Bakıda keçiriləcək turnirin qrup mərhələsində xüsusilə çətin qarşılaşma adlandırıb.

İdman.Biz xəbər verir ki, 49 yaşlı ispaniyalı mütəxəssis Rumıniya kollektivinə rəhbərlik etdiyi beşinci mövsümünü keçirir və meydan sahibləri ilə görüşü xüsusi narahatlıqla gözləyir.

“Azərbaycan çox təhlükəli rəqibdir. Hazırda komanda dünya reytinqində 47-ci yerdədir. Çünki son iki ildə onun Avropa Liqasında çıxış etmək üçün kifayət qədər güclü heyəti olmayıb və çoxlu xal itirib. Amma bu turnirə qədər bizi artıq tamamilə fərqli bir komanda gözləyir”, - deyə mütəxəssis qitə çempionatının startı ərəfəsində vurğulayıb.

Naranxo millimizin voleybolçularından ayrıca danışaraq, onlardan birinin - Yelizaveta Rubanın imkanları ilə xüsusilə yaxşı tanış olduğunu qeyd edib.

“Ruban möhtəşəm hücumçudur. Ötən mövsüm o, “Alba Blaj”da mənim oyunçum idi. Birlikdə çempionluq və Kubok qazandıq və CEV Kubokunun finalına qədər irəlilədik. O, çox yaxşı oyunçudur. Polina Rahimova var - onu hamı tanıyır, mərkəz blokçusu Ayşən Abdullazimova var. Bu, çox güclü komandadır”, - deyə Naranxo bildirib.

O, həmçinin Azərbaycan millisinin əlavə üstünlüyünün doğma meydan amili olacağını qeyd edib.

“Onlar evdə oynayırlar, buna görə də bu matçın asan olmayacağı dəqiqdir. Dünya reytinqində 47-ci yerdə olan komandaya uduzsan, çoxlu reytinq xalı itirirsən. Buna görə də bu görüş çox çətindir. Bu oyunda itirilə biləcək çox şey var... və qazanıla biləcək də çox şey var”, - deyə Rumıniya millisinin baş məşqçisi hesab edir.

Naranxo əlavə edib ki, Belçika, Niderland, İspaniya və Portuqaliyanın da yer aldığı qrup təkcə pley-offa vəsiqə qazanmaq baxımından deyil, dünya reytinqi baxımından da ciddi çağırışdır.

Rumıniya növbəti böyük dünya turnirində iştirak etmək üçün lazımi reytinq xallarını toplamağa ümid edir.

Məşqçi turnirə hazırlığın kifayət qədər intensiv keçdiyini bildirib. Rumıniya yığması Ukrayna və Çexiya ilə - Millətlər Liqası səviyyəsində olan komandalarla - yoxlama oyunları keçirib. Həmçinin onlar Milanda əsasən A1 Seriyasında çıxış edən voleybolçulardan təşkil olunmuş İtaliya millisi ilə qarşılaşıblar.

“Ümid edirəm ki, Bakıya yaxşı formada, sağlam və fiziki problemlər olmadan gələcəyik. Baxarıq”, - deyə Gilyermo Naranxo fikirlərini yekunlaşdırıb.

İdman.Biz