Yığmamızın kapitanı: “Meydana tezliklə qayıtmaq istəyirəm, amma...”

17 Yanvar 2024 16:57
579
Yığmamızın kapitanı: “Meydana tezliklə qayıtmaq istəyirəm, amma...”

“Hər şey yaxşıdır”.

Bunu İdman.bizə Azərbaycan millisinin və “Xarı Bülbül Şuşa” klubunun voleybolçusu Tural Həsənli deyib.

Yığmanın kapitanı hələ də müalicəsini davam etdiyini bildirib: “Artıq səhhətimdə problem yoxdur. Meydana tezliklə qayıtmaq istəyirəm. Amma bunun üçün zamana ehtiyac var. Önəmli olan sağlamlıqdır. Bu səbəbdən də istəyirəm ki, tam sağalam və bütün gücümlə meydana dönəm”.

Qeyd edək ki, 33 yaşlı voleybolçu noyabrın 30-da ”Çağırış kuboku”da “Panatiniakos”la (Yunanıstan) matçdan sonra sağlamlığı ilə bağlı keçirdiyi narahatlığa görə çox kritik vəziyyətdə Bakıya çatdırılıb və birbaşa Hava Limanından xəstəxanaya aparılıb. Həsənli daxili qanaxma və bağırsaq partlaması səbəbi ilə əməliyyat olunub. O, dekabrın 9-da isə ikinci dəfə həkim müdaxiləsinə ehtiyac duyub. Turalda bu dəfə onikibarmaq bağırsağın başqa seqmentində arterial damarın şiddətli (profuz) qanadığı aşkarlanıb. Endoskopik prosedurla dayandırmayacaq qədər böyük damarın şiddətli qanaxmaya davam etdiyi və xəstənin klinik vəziyyətinin kritik olması səbəbindən dərhal əməliyyata alınaraq 3 saatlıq mürəkkəb əməliyyat nəticəsində qanaxma dayandırılıb.

Banuçiçək Hüseynli
İdman.biz