Voleybolçumuz Gümüş Avropa Liqasındakı çıxışdan danışıb

22 İyun 2026 00:18
91
Voleybolçumuz Gümüş Avropa Liqasındakı çıxışdan danışıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin toppaylayıcısı Kristina Besman komandanın Gümüş Avropa Liqasındakı çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, voleybolçu yığmanın turnirdə pis təsir bağışlamadığını, lakin İspaniya ilə oyundakı məğlubiyyətin təəssüf doğurduğunu bildirib.

“Ümumilikdə pis çıxış etmədik. İspaniyaya uduzmağımız təəssüf doğurur, çox az çatmadı, lakin bu oyundur. Bununla belə, bu qarşılaşmalar güclü və zəif tərəflərimizi göstərdi. Bütün bunlardan nəticə çıxarıb qarşıdakı oyunlara hazırlaşacağıq”, - deyə Besman qeyd edib.

Təcrübəli toppaylayıcı zədəsi barədə də danışıb. O bildirib ki, İsraillə oyunda əlindən xəsarət alıb və bu səbəbdən İsveçrə ilə qarşılaşmada meydana çıxa bilməyib:

“Təəssüf ki, mən İsraillə oyunda əlimdə baş barmağımdan zədə aldım. Buna görə də İsveçrə ilə qarşılaşmada oynaya bilmədim. Yaxın günlərdə müayinə olunacağam, zədənin xarakteri müəyyənləşdikdən sonra ona uyğun müalicəyə başlayacağam”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ümumilikdə 6 oyun (Azərbaycan - İsveç 0:3, Azərbaycan - Estoniya 3:0, Azərbaycan - Şimali Makedoniya 3:0, Azərbaycan - İspaniya 1:3, Azərbaycan - İsrail 3:0, Azərbaycan - İsveçrə 0:3) keçirib. Komandamız yarışı 3 qələbə, 9 xalla başa vurub.

İdman.Biz