Millimizin voleybolçusu: “Bu kompüter oyunu deyil”

Müsahibə
3 Yanvar 2024 17:54
167
Millimizin voleybolçusu: “Bu kompüter oyunu deyil”

"Məşqçi mənə öncədən dedi ki, oyunçuların təşəbbüs göstərməməsini sevmir. Bu kompüter oyunu deyil ki, məşqçi hər şeyi istədiyi kimi idarə etsin".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin və Rusiya "Yenisey"inin voleybolçusu Kristina Besman deyib.

28 yaşlı toppaylayıcı Krasnoyarsk təmsilçisinin baş məşqçisi Slobodan Radivoyeviç barədə fikirlərini Rusiya mətbuatına açıqlayıb: "O, əvvəldən hiss etdirdi ki, oyunçular susmamalıdır. Məsələn, mən hansısa vəziyyətdə topu kimə ötürməli olduğumu müəyyənləşdirə bilmirəmsə, bunu məşqçiyə deməliyəm ki, o da məsuliyyəti üzərinə götürsün. Belə hallar oyunların gərgin anlarındakı fasilələr zamanı mümkündür. Hərçənd, mən hələ heç bir dəfə də soruşmamışam, özüm bunun öhdəsindən gəlirəm. Bir və ya iki dəfə alınmırsa, həll yolunu axtarıram. Baş məşqçimiz daim oyunu nəzarətdə saxlayır və bizə sakitləşmək lazım olduğunu görən kimi dərhal fasilə götürür".

Qeyd edək ki, "Yenisey" Rusiya çempionatının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb və pley-offa vəsiqəyə iddia edir.

İdman.biz