Polina Rəhimova: “Yunanıstan Kubokunda qələbədən sonra azarkeşlər sevincdən ağlayırdı” - MÜSAHİBƏ + FOTO

11 Mart 2026 16:57
101
Polina Rəhimova: “Yunanıstan Kubokunda qələbədən sonra azarkeşlər sevincdən ağlayırdı” - MÜSAHİBƏ + FOTO

“Artıq iki kubok əldə etmişik. Nəzərə almalıyıq ki, komandamız bu il çox güclənib”.

Bunu Azərbaycan millisinin və Yunanıstanın “Panionios” klubunun voleybolçusu Polina Rəhimova report.az-a müsahibəsində deyib.

35 yaşlı oyunçu Yunanıstan Kubokunun qalibi olması ilə bağlı fikirlərini bölüşüb. P.Rəhimova 2025-ci ildən çıxış etdiyi komandadakı hədəflərindən də söz açıb.

Həmin müsahibəni təqdim edirik.

- İlk növbədə Yunanıstan Kubokunun qalibi olmağınızla bağlı fikirlərinizi almaq istərdik. Təəssüratlarınız necədir?

- Finalda “Thiras”ı 3:1 hesabı ilə məğlub etdik. Çox yaxşı və gözəl qarşılaşma idi. Yarımfinaldakı rəqibimiz də finaldakı qədər çox güclü idi. Hər ikisi layiqincə mübarizə apardılar. Hamı qələbə qazanmaq şanslarının olduğunu anlayırdı. Maksimum gücümüzü ortaya qoyduq. Məncə, bu iki oyun çox maraqlı alındı.

- Hansı rəqib sizə daha çox çətinlik yaşatdı?

- Yarımfinaldakı oyunumuz daha maraqlı idi. “Olimpiakos”la üz-üzə gəldik. Onlar son çempiondurlar. Bu rəqibə qarşı oynamaq həqiqətən daha çətin idi. Həmin matç da yetərincə ağır keçdi. Qalib gəldiyimiz üçün çox sevinirəm. Çünki bu qalibiyyətlər bizim üçün çox vacib idi.

- Yunanıstanda voleybol hansı səviyyədədir?

- Bu il Yunanıstan çempionatı daha da güclənib və maraqlı olub. Yaxşı, səviyyəli əcnəbi oyunçular transfer edilib.

- Bəs “Panionios”un qarşıdakı hədəfləri nələrdir?

- Komandamız qarışısına böyük vəzifələr, məqsədlər qoyub. Dörd kubokun hamısını qazanmaq niyyətindəyik. Bir sözlə, dörd qızıl medal istəyirik. Amma təəssüf ki, “Panatinaikos”u məğlub edə bilmədik. Çağırış Kubokunun 1/8 finalında onlara uduzduq və mübarizəni dayandırdıq.

- Heyətiniz digər titulları qazanmaq üçün yetərlidir?

- Artıq iki kubok əldə etmişik. Nəzərə almalıyıq ki, komandamız bu il çox güclənib. Xüsusilə də yaxşı, səviyyəli legionerlərin hesabına yüksək nəticələr, yerlər uğrunda mübarizə aparırıq. Buna isə sevinmək lazımdır. Artıq iki kubok qazandığımız üçün sevinirik. Hazırda yalnız Yunanıstan çempionatına köklənmişik. Dörd kubokdan ikisinə sahib çıxdıq, birində mübarizəni dayandırdıq. İndi isə biri qalıb. Heyətdə bəzi dəyişikliklər olub. Komandada yaşı 35-i keçən çox oyunçu var. Kapitanımız 38 yaşındadır, 33 yaşında olanlar da var. 20 yaşlı gənc voleybolçu kollektivə yeni qoşulub. Bir sözlə, əksəriyyətimiz təcrübəli oyunçularıq və böyük oyunlarda, müxtəlif çempionatlarda çıxış etmişik.

Həmin bölgədə voleybola maraq var?

- Burada idmanın formalaşmasına yerli əhali də töhfə verib. Klubun təməlini də məhz yerli əhali qoyub. Bu səbəbdən “Panionios” onlar üçün sadəcə bir idman klubu deyil, həm də ailənin üzvü kimi qəbul olunur. Bu isə bizim qələbələrimizin, həm kiçik, həm də böyük uğurlarımızın nə qədər əhəmiyyət kəsb etdiyini göstərir. Gecə saat 3-də şəhərə qayıtdıq və heyrətə gəldim. Çoxlu insan gördüm - yaşlılar, gənclər, kişilər, qadınlar var idi. Onlar Yunanıstan Kubokundakı qələbəyə görə sevincdən ağlayırdılar. Mənim üçün isə bu, çox qeyri-adi idi və içdən dərin bir təsir bağışladı.

- Azarkeşlərlə söhbət etdiniz?

- Tanımadığım bir kişiyə yaxınlaşdım, onu qucaqladım. Çünki ağlayırdı. Mən də qələbənin nə qədər vacib olduğunu anladım. Bu, çox xoş və təsirli idi. Belə azarkeş dəstəyi, səmimi sevinc, komanda üçün böyük motivasiya və stimul yaradır.

- Artıq 35 yaşınız var. Karyeranızla bağlı planlarınız necədir?

- Karyeramın son illərindən biridir. Bu səbəbdən Braziliya və Yunanıstanda uğurlar qazanmaq mənim üçün çox vacib idi. İndi isə karyeramı gözəl bir notla, qalib olaraq başa vurmaq imkanım var. Bu, mənim üçün çox önəmli və xoşdur.

- Azərbaycan çempionatını necə, izləyirsiniz?

- Bəli. Oyunların necə keçdiyini görürəm. Milli komandadakı qızların forması ilə maraqlanıram. Çünki bu il Avropa çempionatında yaxşı nəticə göstərməliyik. Turnirin qrup oyunlarının bir neçəsi Bakıda baş tutacaq.

İdman.Biz