“DH Volley” qadın voleybol komandasının əsas məqsədi finala yüksəlmək və çempion olmaqdır.”
Bu sözləri İdman.Biz-ə açıqlamasında komandanın baş məşqçisi Fərid Cəlalov deyib.
Bununla belə, F.Cəlalov vurğulayıb ki, indiki mərhələdə buna tam əminliklə demək peşəkar idmançıya yaraşmaz: “Hamı çempion olmaq üçün çalışır, lakin sonda bu ada yalnız bir komanda sahib çıxır”.
Mütəxəssis klubun uğurlu nəticələrinin səbəblərindən danışaraq bildirib ki, bunda oyunçular və məşqçilər heyəti arasında qarşılıqlı hörmət və yaxşı münasibətlərin böyük rolu var. Onun sözlərinə görə, həm məşqçi, həm də vaxtilə oyunçu kimi əsas məqsədi komandada məhz belə mühit yaratmaq olub.
Cəlalov son oyunu da şərh edib. “DH Volley” həmin qarşılaşmada "Gəncə" üzərində 3:2 hesablı qələbə qazanıb. Məşqçi komandanın yalnız üçüncü setdən sonra məşqçilər heyətinin tapşırıqlarını daha yaxşı yerinə yetirməyə başladığını vurğulayıb.
"Tam razı qalmadım, pley-off mərhələsi ərəfəsində belə oyunu gözləmirdim. Amma yenə də komandaya inanıram. Ümid edirəm ki, Liqada qarşıdakı iki matçda və pley-offun qalan görüşlərində dözümlülüyümüzü artıracağıq", – deyə o əlavə edib.
Hazırda “DH Volley” Azərbaycan qadın voleybol çempionatının favoritlərindən biri sayılır və turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda mövsüm ərzində yalnız iki dəfə məğlub olub - UNEC-ə (2:3) və "Turan"a (1:3). Bununla belə, cavab oyununda DH Volley lider "Turan"ı məğlub edərək onun qalibiyyət seriyasına son qoyub.
"Biz "Turan"la ilk oyunda da pis çıxış etməmişdik, sadəcə müəyyən çatışmazlıqlar var idi. Başqa sözlə, komandalar əvvəllər bir-biri ilə oynamamışdı. Amma deyə bilərəm ki, nə onlar bizi təsadüfən uddu, nə də biz onları", – deyə Cəlalov vurğulayıb.
Baş məşqçinin fikrincə, Liqada qüvvələr balansı elədir ki, heç bir komanda finala məğlubiyyətsiz və rahat şəkildə yüksələ bilməz.
"Ona görə də əvvəlcədən əminliklə demək çətindir ki, hansısa komanda çempion olacaq və ya finala bütün oyunları qazanaraq çıxacaq. Mən daha soyuqqanlı yanaşıram: komanda uduza bilər. Əsas diqqət pley-off oyunlarına yönəlir. Amma Liqa matçları da vacibdir ki, komanda pley-offa özünəinamla daxil olsun", – deyə mütəxəssis bildirib.
Cəlalov qeyd edib ki, həm "Turan"ın, həm də “DH Volley”in baş məşqçiləri yerli mütəxəssislərdir.
"Liqada Braziliya, İtaliya və digər ölkələrdən olan məşqçilər də var. Kənardan baxıb qiymətləndirmək lazımdır ki, azərbaycanlı məşqçilər onlarla bərabər səviyyədə mübarizə aparırmı, onları məğlub edə bilirmi. Bunu özümüz desək, sanki özümüzü tərifləmiş olarıq. Amma kənardan verilən qiymət çox dəyərlidir", – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, finalda iki azərbaycanlı məşqçinin qarşılaşması ehtimalı var: "Məsələn, Ziya Rəcəbov ("Turan"ın baş məşqçisi – red.) və Emin Abilov (Milli Aviasiya Akademiyasının baş məşqçisi – red.)".
Sonda Cəlalov çempionatda legioner limitinə də münasibət bildirib. Onun sözlərinə görə, meydanda yerli voleybolçuların sayının çox olması milli komandanın inkişafı baxımından vacibdir.
Bununla belə, o qeyd edib ki, hazırda azərbaycanlı voleybolçuların sayı Liqanın yüksək səviyyəsini tam qorumaq üçün yetərli deyil. Məşqçi hesab edir ki, legionerlərin sayının mərhələli şəkildə azaldılması və gələcəkdə meydanda eyni anda üç legioner və üç yerli oyunçunun çıxış etdiyi format optimal variant ola bilər.
