“Çempionatımız orta səviyyəli Avropa liqalarından geri qalmır” - Roman Qurskinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

11 Fevral 2026 13:29
138
“Çempionatımız orta səviyyəli Avropa liqalarından geri qalmır” - Roman Qurskinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycan voleybol çempionatında liderliyi ələ alan "Xilasedici"nin əsas oyunçularından biri bağlayıcı Roman Qurskidir.

Klubda ikinci mövsümünü keçirən təcrübəli voleybolçu İdman.Biz-ə müsahibəsində komandanın ambisiyalarından, liqanın inkişafından, ailəsindən və gələcək planlarından söz açıb.

- Artıq ikinci ildir ki, "Xilasedici"də çıxış edirsiniz. Ötən mövsüm komanda ölkə kubokunu qazandı, bu mövsüm isə çempionata liderlik edir. Hazırkı gedişatdan razısınız?

- Hazırda yaxşı ritm tapmışıq və daha keyfiyyətli oynamağa başlamışıq. Amma arxayınlaşmırıq, çünki bütün komandalar bizə qarşı son oyunlarına çıxırmış kimi mübarizə aparır. Müntəzəm mövsümü qazana bilərsən, lakin pley-offda medalsız qala bilərsən. Ona görə bizim üçün əsas olan yekun nəticədir.

- Klub avrokuboklarda debüt etdi, Çelenc Kubokunda ilk mərhələdə "Styaua"nı keçdi, lakin sonra "Lindemans"a uduzdu. Sizcə, Belçika klubunu keçmək üçün nə çatmadı?

- İlk mərhələni adlamaq artıq böyük nailiyyət idi, çünki "Styaua"nın həm büdcəsi, həm də heyəti daha təcrübəli idi. "Lindemans"a qarşı evdə qalib gəlməli idik, amma rəqib minimum səhvlə əla voleybol göstərdi. Biz isə bir çox komponentdə zəif çıxış etdik. Onların azarkeşləri möhtəşəm atmosfer yaratmışdı – tribunalarda anşlaq var idi. Azərbaycanda isə oyunlara azarkeş sayı çox deyil və istərdim ki, voleybola maraq artsın.

- Son illər çempionatın səviyyəsi yüksəlib. Mövsümün əsas xüsusiyyətləri nədir?

- Liqada çoxlu Latın Amerikası oyunçuları var, demək olar ki, hər komandada əcnəbi məşqçi çalışır. Müxtəlif oyun üslubları mövcuddur – kimisi güc voleyboluna üstünlük verir, kimisi daha uzun rallilərlə Avropa stilinə yaxın oynayır. Hesab edirəm ki, çempionatımız orta səviyyəli Avropa liqalarından geri qalmır. Son 3-4 illə müqayisədə inkişaf göz önündədir.

- Rusiya və Macarıstan çempionatlarında çıxış etmisiniz. Yenidən legioner həyatı planlaşdırırsınız?

- "Styaua" ilə oyundan sonra italiyalı agent Marko Mançino ilə əməkdaşlıq müqaviləsi bağladıq. Karyeramı davam etdirmək üçün bəzi variantlar var. Amma hazırda əsas məqsədim ölkə çempionu olmaqdır.

- Həyat yoldaşınız Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakovadır. İdmançı ailəsi olmağın fərqi nədir?

- Ötən il o, "Abşeron"da oynayırdı. Hazırda ailəmizə yeni üzv gözlədiyimiz üçün karyerasına fasilə verib. O, bütün oyunlarımda yanımda olub və dəstəyi mənim üçün çox önəmlidir. Bizim üçün ailə hər şeydən vacibdir.

- Milli komanda ilə bağlı planlar nədir?

- Yığmada dəyişikliklər başlayıb, yeni baş məşqçi Boris Qrebennikov böyük ümidlər yaradır. Qarşıda Avroliqada güclü rəqiblərlə oyunlar var. Heyətdə çoxlu gənc oyunçu var və əsas məqsədimiz hər matçda inkişaf etməkdir.

- Şəxsi hədəfləriniz nədir?

- Əsas məqsədim hər gün daha yaxşı olmaqdır. Güclü çempionatlarda oynamaq və yeni təcrübə qazanmaq istəyirəm. 24 yaşım var və bağlayıcılar adətən 30 yaşa yaxın ən yaxşı formalarına çatırlar. Ən yaxşı versiyam olmaq və doğmalarımın mənimlə fəxr etməsi üçün çalışacağam.

İdman.Biz