Naxçıvanda keçirilən “Zəfər Kuboku” voleybol turnirinin qalibi bəlli olub

Xəbərlər
29 Dekabr 2025 19:23
65
Naxçıvanda keçirilən “Zəfər Kuboku” voleybol turnirinin qalibi bəlli olub

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Kuboku” uğrunda voleybol turniri başa çatıb.

İdman.Biz bildirir ki, dekabrın 29-da turnirin final görüşü keçirilib.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan həlledici qarşılaşmada Fövqəladə Hallar Nazirliyi (FHN) və Mədəniyyət Nazirliyinin komandaları meydanda olub.

Tərəflərin maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə 2:2 hesablı bərabərlik olduğundan qalibi müəyyən etmək üçün daha bir set oynanılıb. Tay-breyki 15:9 hesabı ilə üstün tamamlayan FHN turnirin baş mükafatına sahib çıxıb.

Mükafatlandırma mərasimində öncə turnirin hakimləri təşəkkürnamə ilə təltif olunub. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom, medal və kuboklar təqdim edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı tərəfindən birgə təşkil olunan turnir noyabr ayından start götürüb və yarışda ümumilikdə 10 komanda iştirak edib. Turnirin keçirilməsində məqsəd dövlət qurumlarında çalışan əməkdaşlar arasında sağlam həyat tərzinin təşviqi, voleybol idman növünə marağın artırılması, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin 5-ci ildönümünün birgə qeyd olunması olub.

İdman.Biz