Azərbaycanın kişi və qadınlardan ibarət voleybol millilərinin Avropa Liqasında (CEV Volleyball European League 2026) rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Voleybol Federasiyası yayıb.
Bildirilib ki, qrup mərhələsində yığmalarımızın rəqibləri CEV-in mövcud reytinqi əsasında müəyyənləşib.
Qadınlardan ibarət milli hazırda reytinqdə 27-ci pillədə qərarlaşıb. Buna əsasən komanda İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə ilə qarşılaşacaq.
Kişilərdən ibarət seçmə isə reytinqdə 38-ci sırada yer alır. Milli Avropa Liqasının qrup mərhələsində Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macarıstan kollektivləri ilə üz-üzə gələcək.
Reqlamentə əsasən, yarışda 24 qadın və 27 kişi komandası iştirak edir. Turnir cədvəli üzrə ilk 6 komanda (yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 yığma növbəti mərhələyə vəsiqə qazanacaq.
Yekunda 1-4 yerləri tutacaq kollektivlər 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər.
Qeyd edək ki, 2018-ci ildən “Qızıl Avropa Liqası” və “Gümüş Avropa Liqası” formatında təşkil olunan yarış növbəti ildən “Avropa Liqası” adı ilə keçiriləcək. Turnir Avropa çempionatına təsnifat xarakteri daşıyır və iştirakçılara reytinq xalları gətirir.
