Yaxın vaxtlarda bir neçə azərbaycanlı voleybol mütəxəssisi Avropa Voleybol Konfederasiyasından (CEV) beynəlxalq təyinatlar aldı. Onlardan biri də federasiyanın nümayəndəsi, sabiq voleybolçu Yelena Parxomenko oldu. O, supervayzer kimi qadınların CEV Kubokunun 1/16 finalında “Türk Hava Yolları” - “Avarqa Menorka” görüşündə iştirak etdi. Bu, onun CEV-dən aldığı ilk beynəlxalq təyinat idi.
Yelena Parxomenko supervayzerlik işi və öz təcrübəsi barədə İdman.Biz-ə danışıb.
- Siz əvvəllər kişi millisinin meneceri idiniz. Niyə supervayzer olmağa qərar verdiniz?
- Bu sahə həmişə diqqətimi çəkib. Əvvəllər Azərbaycanda turnirlər keçiriləndə, hakimlər komissiyası və supervayzerlərlə işləyən komandaya kömək etməyə çalışırdım. Menecerliklə supervayzerlik vəzifəsini birləşdirmək olmaz - maraqlar toqquşur. Buna görə tam şəkildə ixtisasımı dəyişməyə qərar verdim. Axı bu həm beynəlxalq təcrübə, həm səfərlər, həm yeni tanışlıqlar, həm də voleybolda qalmaq imkanıdır.
- Supervayzer nəyə cavabdehdir?
- Supervayzer bütün qayda və reqlamentlərin icrasına nəzarət edir: meydançanın, avadanlıqların, reklamın hazır olmasından tutmuş, oyunçuların formalarının və komanda sənədlərinin yoxlanmasına qədər. Onlayn sistemlərin və yayımın işləməsini də izləyirik. Oyunun nəticəsinə təsir etmirik, amma istənilən insidenti — hakim səhvləri, komanda etirazları və digər halları protokola daxil edirik.
- Supervayzer olmaq üçün nə lazımdır? Keçmişdə voleybolçu olmaq şərtdirmi?
- Mütləq deyil, amma voleybolu bilmək və sevmək çox kömək edir. İngilis dili, kompüter bacarıqları və CEV materiallarını öyrənmək lazımdır. Adətən supervayzerlərin voleybolda təcrübəsi olur: keçmiş oyunçular, menecerlər və ya federasiya əməkdaşları. Klublarla bağlı olmayanlar da var, sadəcə vaxtilə voleybolla məşğul olublar və CEV tələblərini daim öyrənirlər. Çünki yarışların təşkili ilə bağlı qaydalar mütəmadi yenilənir.
- Beynəlxalq oyunlara təyinat prosesi necədir?
- Əvvəlcə müraciət edirsiniz, sonra çoxlu materiallar öyrənilir və testdən keçilir. Daha sonra vebinarlar təşkil olunur və imtahan suallarını yenidən müzakirə edirik.
- İlk təyinatınız necə keçdi?
- Çox həyəcanlı idim, hətta bir az əsəbiləşmişdim də. Bu, tamam başqa səviyyədə məsuliyyətdir. Sistemlə bağlı kiçik nasazlıqlar oldu, amma hamısını operativ şəkildə həll etdik.
- Azərbaycan çempionatındakı oyunların təşkilatı ilə beynəlxalq səviyyə arasında fərqlər varmı?
- Məncə, geri qalmırıq. Yüksək səviyyəli bir çox yarışı keçirmişik və onların təşkilatının öhdəsindən yaxşı gəlmişik. Bəli, bütün zallarda lazımi avadanlıq olmaya bilər, məsələn, “score sheet” (oyunun hesabını göstərən elektron tablo). Amma ümumilikdə Azərbaycan çempionatında mümkün olan ən yüksək səviyyədə çalışırıq.
- Azərbaycanlı supervayzer yerli oyunlara təyin oluna bilərmi?
- Bəli, mən milli çempionatda supervayzer kimi çalışıram. Amma söhbət Azərbaycanda keçirilən beynəlxalq oyunlardan gedirsə, burada hər şey CEV-in qərarından asılıdır. Azərbaycan komandalarının iştirak etdiyi oyunlara maraqlar toqquşmasın deyə adətən neytral supervayzerlər təyin edilir.
- Yeni təyinat almısınızmı?
- Bəli, Rumıniyada yanvarda keçiriləcək oyuna təyin olunmuşam. Təyinatlar rəy və təcrübədən asılıdır: nə qədər yaxşı işləyirsənsə, bir o qədər çox turnir etibar edilir. Təcrübəli Azərbaycan supervayzerlərindən müsbət rəylər aldım, onlara dəstəklərinə görə təşəkkür edirəm. Azərbaycan üçün bəzi çətinliklər var: coğrafi məsafə, bahalı uçuşlar, viza məsələləri. Ona görə bizim mütəxəssislər üçün təyinat almaq bir qədər çətindir.

Leyla Eminova
