Yığmamızın kapitanının həkimi: “Qanama riskləri qalmaqla bərabər vəziyyəti qənaətbəxş-stabildir”

Xəbərlər
9 Dekabr 2023 17:17
245
Yığmamızın kapitanının həkimi: “Qanama riskləri qalmaqla bərabər vəziyyəti qənaətbəxş-stabildir”

Azərbaycan millisinin voleybolçusu Tural Həsənlinin son durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, yığmanın kapitanını cərrahiyyə əməliyyatı edən həkim Mahmud Mahmudov 33 yaşlı oyunçunun vəziyyətini açıqlayıb.

O bildirib ki, “Xarı Bülbül Şuşa” formasını geyinən toppaylayıcını ağır klinik vəziyyətdə, bağırsaq qanaması və kəskin qan itirmə (hb 3 g/dl) diaqnozu ilə qəbul edib: “8 gün öncə başqa mərkəzdən mədə deşilməsi (perforasiyası) diaqnozu ilə nəzarətə götürülüb. Böyük həyati təhlükəsinə rəğmən uğurla əməliyyat olunaraq evə yazılan Həsənliyə təcili və təxirəsalınmaz qan köçürülməsindən sonra dərhal endoskopiya (gastroskopiya) olunaraq bu dəfə onikibarmaq bağırsağın başqa seqmentində arterial damarın şiddətli (profuz) qanadığı aşkarlanıb. Endoskopik prosedurla dayandırmayacaq qədər böyük damarın şiddətli qanaxmaya davam etdiyi və xəstənin klinik vəziyyətinin kritik olması səbəbindən dərhal əməliyyata alınaraq 3 saatlıq mürəkkəb əməliyyat nəticəsində qanaxma dayandırılıb”.

Mahmudovun sözlərinə görə, gecə reanimasiyaya tənəffüs cihazına bağlı (entubasiya olunmuş) şəkildə yerləşdirilən Həsənli bu gün saat 12 radələrində tənəffüs cihazından uğurla ayrılıb. Xəstənin uzun illərdir çox sayda var olan qanamağa meylli digər xoraları ilə əlaqədar yenidən qanama riskləri qalmaqla bərabər vəziyyəti qənaətbəxş-stabildir”.

Qeyd edək ki, 33 yaşlı voleybolçu ”Çağırış kuboku”da “Panatiniakos”la (Yunanıstan) matçdan sonra sağlamlığı ilə bağlı keçirdiyi narahatlığa görə çox kritik vəziyyətdə Bakıya çatdırılıb və birbaşa Hava Limanından xəstəxanaya aparılıb. Həsənli daxili qanaxma və bağırsaq partlaması səbəbi ilə əməliyyat olunub.

İdman.biz