Bakıda ilk dəfə “IRONMAN 70.3” keçiriləcək - VİDEO

24 Avqust 2026 09:44
132
Bakıda ilk dəfə “IRONMAN 70.3” keçiriləcək

Sentyabrın 5-də Bakıda ilk dəfə beynəlxalq “ALUFAR IRONMAN 70.3 BAKU” triatlon yarışı keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycan idman tarixində ilk dəfə keçiriləcək “IRONMAN 70.3” yarışında 62 ölkədən ümumilikdə 1 500 iştirakçının mübarizə aparacağı gözlənilir. Bununla da Bakı beynəlxalq “IRONMAN 70.3” yarışlarına ev sahibliyi edən şəhərlər sırasına daxil olacaq.

Yarış üç mərhələdən – üzgüçülük, velosiped və qaçışdan ibarət olacaq. İştirakçılar əvvəlcə Xəzər dənizində 1,9 kilometr məsafəyə üzəcəklər. Ardınca uzunluğu 90,1 kilometr olan velosiped mərhələsində Bakının müxtəlif ərazilərindən keçəcəklər.

Yarışın son mərhələsi 21,1 kilometrlik qaçış olacaq. Bu hissə Bakı Bulvarı boyunca təşkil ediləcək və iştirakçılar “Yeddi gözəl” fəvvarəsinin yaxınlığında finiş xəttini keçəcəklər.

Kişi və qadın kateqoriyalarında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” üzrə dünya çempionatına vəsiqə qazanacaqlar.

Qeyd edək ki, “IRONMAN” dünyanın ən tanınmış beynəlxalq triatlon seriyalarından biridir. İlk “IRONMAN” yarışı 1978-ci ildə Havay adalarında keçirilib.

“IRONMAN” həftəsi çərçivəsində sentyabrın 4-də müxtəlif yaş qrupları üçün “IRONKIDS” və “Fun Run” qaçışları da təşkil olunacaq. “IRONKIDS” yarışında 5-8 yaşlı uşaqlar 500 metr, 9-13 yaşlı iştirakçılar 1 kilometr, 14-17 yaşlılar isə 2 kilometr məsafəni qət edəcəklər. 5 kilometrlik “Fun Run” qaçışında isə 18 yaşdan yuxarı şəxslər iştirak edə biləcəklər.

Xatırladaq ki, Bakı 2026-cı ildə Dünya İdman Paytaxtı statusunu daşıyır. “ALUFAR IRONMAN 70.3 BAKU” yarışının təşkili şəhərin beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edən məkan kimi mövqeyini daha da gücləndirəcək.

İdman.Biz