ABŞ-li triatlonçu akula hücumu nəticəsində həlak olub

Xəbərlər
23 Dekabr 2025 17:35
47
ABŞ-li triatlonçu akula hücumu nəticəsində həlak olub

ABŞ-li triatlonçu Erika Foks Kaliforniya ştatının Pasifik-Qrouv şəhəri sahillərində üzgüçülük zamanı akula hücumuna məruz qalaraq həyatını itirib.

İdman.Biz “New York Post”a istinadla xəbər verir ki, 55 yaşlı Foksla eyni ərazidə üzən idmançılar suda güclü sıçrayış səsi eşitsələr də, hadisənin özünü görməyiblər. Bir müddət sonra sahilə qayıdanlar arasında yalnız Foksun olmadığı məlum olub.

Triatlonçu itkin düşmüş elan edilib və dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb. Axtarışlar 15 saat davam edib və 84 dəniz milindən çox ərazini əhatə edib. Lakin nəticə əldə olunmadığından əməliyyat dayandırılıb. Məlumatlarda idmançıya akulanın hücum etdiyi ehtimalı əsas səbəb kimi göstərilir.

Qeyd olunur ki, Pasifik-Qrouv akvatoriyasında bu, ilk belə hadisə deyil. 2022-ci ildə 62 yaşlı Stiv Brumer də akula hücumuna məruz qalmış, ayağından aldığı dişləmə nəticəsində qan itkisindən dünyasını dəyişmişdi.

Erika Foksun həmkarları isə baş verənlə bağlı başqa ehtimal görmürlər. Onların sözlərinə görə, o, çox təcrübəli üzgüçü olub və suyun soyuqluğu kimi faktorlar istisna edilir. Bu səbəbdən idmançının yoxa çıxmasının akula hücumu ilə bağlı olduğu qənaəti formalaşıb.

İdman.Biz
Məqalədə: