“Azərbaycanda keçirdiyim o illər çox gözəl idi” - Sergey Yatsenkonun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
18 Dekabr 2025 15:15
79
“Azərbaycanda keçirdiyim o illər çox gözəl idi” - Sergey Yatsenkonun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Təcrübəli mütəxəssis Sergey Yatsenko on ildən artıq müddətdə Azərbaycanın triatlon millisinin baş məşqçisi olub. Rostislav Pevtsovla birlikdə üç Olimpiadada iştirak edən mütəxəssis Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra komandanı tərk edib.

S.Yatsenko İdman.Biz-ə müsahibəsində hazırda harada çalışdığını, Bakıda keçirdiyi iş dövrünün yaddaqalan məqamlarını xatırlayıb və gələcək planlarından danışıb.

- Azərbaycan millisində məhsuldar fəaliyyət dövrünüz olub. Bəs indi nə ilə məşğulsunuz?

- Hazırda Penzada(Rusiyada şəhər – red.) üzgüçülük üzrə məşqçi kimi çalışıram. Rəhbərliyim altında 50 uşaq var. İstəsək, 200 şagird də götürmək olar, lakin infrastruktur hələ buna imkan vermir. Halbuki idman qurğuları baxımından Penza Rusiyanın ən yaxşı şəhərlərindən biridir. Burada dəfələrlə triatlon üzrə beynəlxalq yarışlar keçirilib.

- Karyeranızın Azərbaycan mərhələsini necə qiymətləndirirsiniz? Ən çox nə yadınızda qalıb?

- 2013-cü ildə mərhum gənclər və idman naziri Azad Rəhimovla ilk görüş yadıma düşür. Həmçinin o dövrdə federasiyaya rəhbərlik edən Azər Məmmədovla görüşlərimiz. Çox səriştəli bir komanda formalaşmışdı. Bakıda keçirilən ilk Avropa Oyunlarına hazırlaşırdıq və Rostislav Pevtsov bürünc medal qazandı. Bunlar çox gözəl illər idi. İlk dörd il hər şey ən yüksək səviyyədə idi. Pevtsov üç Olimpiadada çıxış etdi, Avropanın ən güclü triatletinə çevrildi. Xatırlaması xoş olan çox məqamlar var.

- Paris Olimpiadası ərəfəsində bunun Rostislav üçün son Olimpiya olacağını anlayırdınızmı?

- Əlbəttə. O, ən yaşlı iştirakçılardan biri idi. Hətta ölkənin idman rəhbərliyi ilə Pevtsovun Los-Anceles Olimpiadasına vəsiqə qazanmaq şanslarını da müzakirə etmişdik. Onun buna imkan verən ehtiyatı var. Amma sonrakı perspektivlər necə olacaqdı? Sadəcə iştirak naminə iştirak mənlik deyildi və irəli getmək qərarına gəldim.

- Bu arada Pevtsov karyerasında yeni səviyyəyə yüksəldi və bu yaxınlarda Avstraliyada tam Ironman məsafəsini qət etdi…

- Onun nəticəsi heyrətamizdir. Dünyada ilk Ironman (uzun məsafəli triatlon seriyası – red.) yarışında məsafəni səkkiz saatdan az vaxta qət edən bəlkə də cəmi on nəfər olar. Rostislav isə yeddi saat 49 dəqiqə nəticə göstərdi. Bu da sübut edir ki, o, triatlonda potensialını hələ tam reallaşdırmayıb və qarşısında böyük imkanlar var.

- Bu yüksək göstəricilər sizi təəccübləndirdi?

- Anlamaq lazımdır ki, Pevtsov kifayət qədər özünəməxsus idmançıdır. Uzun illərdir idmandadır və fəaliyyətinə dəniz çoxnövçülüyündən başlayıb. Düzdür, üzgüçülükdə elə də istedadlı deyildi və bu komponentdə real irəliləyişi 27–28 yaşlarında başladı. Ironmanda çıxış etmək üçün həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaq lazımdır. Rostislavın bu növdə perspektivləri Olimpiya triatlonundan daha böyükdür. O, dünya çempionatının mükafatçısı ola bilər.

- Sizin fikrinizcə, Azərbaycanda triatlonun inkişafında əsas problem nədir?

- Düşünürəm ki, əsas məsələ sistemlə bağlıdır. Adətən triatlona çoxları üzgüçülükdən gəlir. Amma təkcə idmançı axınını təmin etmək və üzməyi öyrətmək kifayət deyil, həm də qaçışa meyilli istedadları aşkar etmək lazımdır. Bu baxımdan seçim imkanları məhduddur.

- Gələcək planlarınız nədən ibarətdir?

- Yaxın illərdə triatlona qayıtmağı düşünmürəm. Baxmayaraq ki, belə ehtimallar var idi. Bütün nəvələrim idmanla məşğuldur, ona görə də bir az gözləyəcəyəm (gülür).

Zəki Feyzullayev

İdman.Biz