Fərhad İsmayılov: “Qızlarımız MDB Oyunlarında mütləq medal qazanacaqlar" - ÖZƏL AÇIQLAMA

Xəbərlər
18 Sentyabr 2025 18:20
31
Fərhad İsmayılov: “Qızlarımız MDB Oyunlarında mütləq medal qazanacaqlar" - ÖZƏL AÇIQLAMA

"Valentina Popovanın (1984-cü ilin Avropa çempionu – müəllif) uğurunu bu gün təkrarlamaq mümkün deyil. Onun inkişafı üzərində yalnız biz yox, bütün Sovet İttifaqı çalışırdı. Bizim isə belə qlobal imkanlarımız yoxdur".

Bu sözləri stolüstü tennis üzrə Azərbaycan yığmasının baş məşqçisi Fərhad İsmayılov İdman.biz-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçiriləcək MDB Oyunlarında ölkəmizi üç stolüstü tennisçi təmsil edəcək - Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova.

"Mərziyyə və Yağmur fərdi yarışlarda mübarizə aparacaqlar. Mərziyyə 2008-ci il, Yağmur isə 2011-ci il təvəllüdlüdür. Yağmur həmyaşıdı Aylinlə birlikdə cütlər yarışında da çıxış edəcək", – deyə baş məşqçi əlavə edib.

İdmançıların şanslarını dəyərləndirən İsmayılov onların medal uğrunda mübarizəyə tam hazır olduğunu vurğulayıb:

"Bəli, bu qızlar hələlik Avropa çempionatlarında qalib olmayıblar. Amma 2023-cü ildə Mərziyyə, 2024-cü ildə isə Yağmur öz yaş qruplarında Avropanın ən güclü səkkizliyi arasında yer alıblar. Dəqiq deyə bilmərəm, qızlarımız qızıl medal qazanacaqmı, amma bu yolda iddialıdırlar".

İdman.biz