Azərbaycan tennisçiləri 3-cü qrupa yüksəlib

Xəbərlər
14 İyun 2025 18:00
38
Azərbaycan tennisçiləri 3-cü qrupa yüksəlib

Albaniyanın paytaxtı Tiranada tennis üzrə "Davis Cup" turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

Mütəmadi olaraq 100-dən çox ölkənin qoşulduğu yarışda baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət yığmamız 4-cü qrupdan 3-ə yüksəlib.

Andorra və San Marinodan üstün olaraq pley-offa vəsiqə qazanan komandamız bu dəfə Lixtenşteyn təmsilçilərindən güclü olub. Tamerlan Əzizov rəqibi Morits Qlauzeri hər iki setdə 6:1 hesabı ilə məğlub edib. Kənan Qasımov isə Serafin Zünd ilə qarşılaşmada qələbə qazanıb. İlk setdə 0:6 hesabı ilə uduzmasına baxmayaraq, millimizin üzvü əzmkarlıq göstərib və 6:3, 6:2 hesabları ilə qalib gəlib – 2:1. Bununla da, tennisçilərimiz qatıldığı bütün görüşlərdə rəqibindən üstün olub. Beləliklə, Azərbaycan millisi 3-cü qrupa yüksəlib.

İdman.biz