İspaniyalı tennisçi Karlos Alkaras Avstriyanın paytaxtı Vyanada keçirilən ATP 500 turnirinin qalibi olub.
İdman.Biz xəbər verir ki, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan 23 yaşlı tennisçi finalda avstraliyalı Aleks de Minaurla qarşılaşıb.
Görüş Alkarasın 6:1, 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniyalı turnirdə ikinci, rəqibi isə beşinci nömrə altında mübarizə aparıb.
Bu qələbə Alkarasın peşəkar karyerasında ATP turnirlərində qazandığı 28-ci fərdi titul olub.
İspaniyalı tennisçi indiyədək “Böyük Dəbilqə” yarışlarında yeddi dəfə çempionluq sevinci yaşayıb. O, ABŞ Açıq Çempionatını (2022, 2025), Uimbldonu (2023, 2024) və Rolan Qarrosu (2024, 2025) iki dəfə, Avstraliya Açıq Çempionatını (2026) isə bir dəfə qazanıb.
Alkaras 2024-cü il Paris Olimpiadasının gümüş mükafatçısıdır. O, ümumilikdə 66 həftə dünya reytinqinə başçılıq edib.
Finalda məğlub olan 27 yaşlı Aleks de Minaur isə hazırda ATP reytinqində 10-cu yerdədir. Avstraliyalı tennisçinin aktivində 11 fərdi titul var.
Qeyd edək ki, sərt örtüklü kortlarda keçirilən Vyana turnirinin mükafat fondu təxminən 2,8 milyon avro təşkil edib. Ötən il yarışın qalibi olan italiyalı Yannik Sinner sağ dizindən aldığı zədə səbəbindən builki turnirdə iştirak etməyib.
