Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

20 Oktyabr 2026 10:13
115
Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

Bu gün, oktyabrın 20-də Bakıda kişilər və qadınlar arasında tennis üzrə paytaxt çempionatına start verilir.

İdman.Biz Azərbaycan Tennis və Padel Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış oktyabrın 20-dən 23-dək Bakı Tennis Akademiyasında keçiriləcək.

Çempionatda 14 yaş və daha yuxarı tennisçilər iştirak edə bilərlər. Qalib və mükafatçılar kişilər və qadınlar arasında fərdi, eləcə də cütlük yarışlarında müəyyənləşəcək. Görüşlər sərt örtüklü kortlarda təşkil olunacaq.

Paytaxt çempionatı ölkənin zəngin oktyabr tennis təqvimində növbəti yarış olacaq. Xatırladaq ki, oktyabrın 13–17-də Bakıda müxtəlif yaş kateqoriyaları üzrə gənc tennisçilər arasında respublika birinciliyi keçirilib.

Bundan əlavə, oktyabrın 26-dan 30-dək Bakı Tennis Akademiyasında 14 yaş və daha yuxarı idmançılar arasında Azərbaycan çempionatı təşkil olunacaq.

İdman.Biz