Keçmiş isveçrəli tennisçi Rocer Federer Novak Cokoviçin 2026-cı il “US Open”də qalib gəlmək şanslarını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, Federer serbiyalı tennisçinin iştirak etdiyi hər turnirdə, xüsusən də “Böyük Dəbilqə” yarışlarında çempionluq üçün şansının olduğunu deyib.
“Məncə, Novak hansı turnirdə iştirak edirsə-etsin, istər “Böyük Dəbilqə”, istərsə də başqa yarış olsun, onun qalib gəlmək şansı var. Bu, mənim fikrimdir. Novaka böyük hörmətim var. Onun nəyə qadir olduğunu dəfələrlə görmüşəm. O, hər yerdə və ən yüksək səviyyədə bunu bacarıb. Düşünürəm ki, o, turnirin əsas mərhələsində olduğu müddətdə qalib gəlmək şansına malikdir.
Biz bütün örtüklərdə və dünyanın ən böyük kortlarında demək olar ki, 50 dəfə qarşılaşmışıq. Onunla oynamaq böyük zövq idi. O, inanılmaz tennisçi və möhtəşəm mübarizə aparan idmançıdır. Oyununu inkişaf etdirdi, daha güclü və daha yaxşı oldu. Onun 39 yaşında hələ də mübarizə aparması inanılmazdır. Mən bundan çox təsirlənirəm”, - Federer deyib.
Qeyd edək ki, Novak Cokoviç karyerası ərzində 24 “Böyük Dəbilqə” tituluna sahibdir. Serbiyalı tennisçi “US Open”də dörd dəfə qalib olub.
Xatırladaq ki, 2026-cı il “US Open” avqustun 30-dan sentyabrın 13-dək keçiriləcək.
