Şarapova ilə Serena artıq yaxın dostdur

25 Aprel 2026 16:01
159
Şarapova ilə Serena artıq yaxın dostdur

Beşqat “Böyük Dəbilqə” turnirləri qalibi Mariya Şarapova kortda böyük uğurlar əldə edib. Əfsanəvi rusiyalı tennisçi yalnız Serena Uilyams ilə şəxsi görüşlərdəki xoş olmayan statistikaya görə təəssüflənə bilər (2:20).

İdman.Biz xəbər verir ki, artıq Şarapova ilə Uilyams arasındakı bütün anlaşılmazlıqlar keçmişdə qalıb. Üstəlik, son illərdə rusiyalı və ABŞ-li tennisçi yaxın dosta çevriliblər. Məhz Serena ötən il "Mariyanın Tennis Şöhrət Zalı"na qəbul mərasimində onu təqdim edən şəxs olub. Bu yaxınlarda isə Şarapova "Pretty Tough" adlı podkastını işə salıb və yaxın vaxtlarda Uilyamsın da qonaq olacağı istisna edilmir.

Bir neçə gün əvvəl Şarapova Nyu-Yorkda ilin ən nüfuzlu 100 şəxsinə həsr olunmuş "Time100" qala gecəsində iştirak edib. O, tədbir çərçivəsində müsahibə verərək, xüsusilə Serena ilə hazırkı münasibətlərinə toxunub.

“Mən onunla həm ən çətin anları, həm də kortdakı mühüm qələbələri bölüşmüşəm. Nəticədə, biz bir-birimizə dərin hörmət bəsləyirik və səhnədə ondan başqa heç kimi görmək istəmirdim. Sadəcə onunla əlaqə saxladım. Serenanın nömrəsi məndə varmı? Əlbəttə. Karyeramızı başa vurduqdan sonra daha da yaxınlaşmışıq. Əvvəlcə mesaj yazdım, çünki zəng edib narahat etmək istəmirdim. O isə dərhal mənə geri zəng etdi.

Bir saatdan çox danışdıq. Karyeralarımız, həyatımız, uşaqlarımız, biznesimiz barədə söhbət etdik. Sonra soruşdum: “Yeri gəlmişkən, məni "Tennis Şöhrət Zalı"na təqdim etmək istərdin?” O razılaşdı və əsl idmançı kimi hər şeyi yüksək səviyyədə etdi. Bundan heç kim xəbərdar deyildi, hətta yanımda oturan atam belə. Sonra Serena səhnəyə çıxdı. Mən onun çıxışını hamı üçün böyük sürpriz etmək istəyirdim və zalda bunu hiss edirdim. Serena əsl sensasiya yaratdı və möhtəşəm nitq söylədi. Onun bu mərasimdə iştirak etməsi çox təsirli idi. Bu rol üçün başqa heç kimi düşünmürdüm" - deyə Şarapova bildirib.

İdman.Biz