Azərbaycanın stolüstü tennis üzrə milli komandası kifayət qədər gənc olmasına baxmayaraq, artıq həm qızlar, həm də oğlanlar arasında güclü gənc idmançılar yetişdirib.
2025-ci ildə qadın milli komandası MDB Oyunları və İslam Oyunlarında medal qazanıb. Bu qızların qarşıdakı yarışlarda daha böyük ambisiyaları var. Məsələn, 17 yaşlı Aylin Əsgərova dünya çempionatına və Olimpiadaya qatılmaq, karyerasını başa vurduqdan sonra isə məşqçi olmaq istəyir. Qızını uşaqlıqdan məşq etdirən anasıdır və onlar birgə çox vaxtı zalda keçiriblər.
“Yarışları qazandıqdan sonra məşqləri davam etdirməyə qərar verdim”, - deyə o bildirir.

Digər tennisçi, 17 yaşlı Mərziyə Nurmətova, artıq 10 ildir bu idmanla məşğuldur. Hər şey məktəb məşqlərindən başlayıb, valideynləri onu ora gətiriblər. Hazırda Nurmətova peşəkar karyerasını Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil ilə uzlaşdırır.

Qızlar arasında ən yaşlısı 21 yaşlı Zemfira Mikayılova isə bu idmana atası - stolüstü tennis məşqçisi - izindən başlayıb. Uşaqlığının böyük hissəsi də zalda keçib. Əvvəlcə sadəcə izləyirdi, sonra isə bu idmana qoşuldu. O, idmanda bu qədər irəliləyəcəyini gözləmədiyini etiraf edir, çünki əvvəllər yalnız maraq üçün başlamışdı. Həm də o vaxtlar stolüstü tennis o qədər də inkişaf etməmişdi.

“Əvvəllər o qədər də məşhur deyildi. Mən uşaq olanda az yarış və məşq keçirilirdi. Sonra onların sayı artdı. İndi stolüstü tennisdə inkişaf etmək üçün daha çox imkan yaranıb”, - deyə idmançı bildirir.
Aylin Əsgərova əlavə edir ki, baxmayaraq ki, idmanda oğlanlar və qızlar eyni gücdədir, qızlar irəliləməkdə daha rahatdırlar, çünki Azərbaycanda oğlanlar arasında rəqabət daha yüksəkdir.
Azərbaycan kişi milli komandasında da kifayət qədər güclü idmançılar var. Milli komandanın lideri kimi məşqçilər 15 yaşlı Onur Quluzadəni göstərir. Hərçənd ki, özü titul və mükafatlardan uzaq durur və deyir ki, “milli komandanın bütün tennisçiləri güclüdür”. Quluzadə altı yaşında stolüstü tennisə gəlib, qardaşı bu idmanla məşğul olmağa başlayanda onu da cəlb edib. İndi isə qardaşı daha çox təhsilə diqqət yetirir, o isə idmanda zirvəyə çatmağa çalışır. “O, mənimlə fəxr edir, uğurlarıma sevinir”, - deyə tennisçi bildirir.
Onun hesabında artıq bir sıra nailiyyətlər var və deyir ki, onların hər biri onun üçün eyni dərəcədə dəyərlidir. Bu il onun hədəfi Avropa çempionu olmaq, gələcəkdə isə Olimpiya oyunlarında iştirak etməkdir.

Gənc tennisçilər nəsli
Azərbaycanda ən gənc tennisçilər də böyük hədəflər arzulayır. Doqquz yaşlı Kərim Camalın çox sevdiyi oyunçuları var və onlara bənzəməyə çalışır. O, idmana atasının - sabiq idmançının – izi ilə gəlib. Camalın sözlərinə görə, stolüstü tennis onun xoşuna gəlir, çünki maraqlıdır, ciddi xəsarət riski azdır və sürətlə qərar vermək tələb olunur.

10 yaşlı tennisçi Ələkbər Mirzəliyev də dostunun fikrini bölüşür.
“Məsələn, boksda xəsarətlər olur. Amma tennis daha təhlükəsizdir”, – deyə o bildirir. Onun atası da əvvəllər idmançı olub.
Göründüyü kimi, Azərbaycanda stolüstü tennis böyük ailə kimidir, burada nəsillər dəyişir. Bir çox azərbaycanlı idmançılar ailə ənənələrini qoruyaraq, uşaqlarına bu idmanı sevdirməyə davam edir.
Mirzəliyev də tez-tez atasının məşqlərində iştirak edib, sonra isə onu məşqlərə yazdırmağı xahiş edib. Evdə oğlanın öz stolüstü tennis masası var və atasının yanında əlavə məşqlər edir. O, Olimpiya çempionu olmaq istəyir. “Bunun üçün çox məşq etmək lazımdır”, - deyə əlavə edir.

Təəccüblü deyil ki, 10 yaşlı Səidə Quluzadəni də altı yaşında atası idmana gətirib. O, tennisə çox maraqlıdır, baxmayaraq ki, məktəblə məşqi birləşdirmək çətindir. “Səhər altıda qalxıram, dərsləri edirəm, sonra məktəbə gedirəm, daha sonra eynimi dəyişib məşqə gedirəm, evə isə gec gəlirəm”, -deyə o bildirir.
Qız etiraf edir ki, bəzən yorulur və valideynlərinə şikayət edir. Buna baxmayaraq, hobbiyə də vaxt tapır: musiqi dinləyir, beyni və məntiqi inkişaf etdirən oyunlar oynayır, həmçinin dostları ilə həyətdə gəzməyi sevir.

“Stolüstü tennis cavanlaşıb”
Qadın milli komandasının baş məşqçisi Fərhad İsmayılovun sözlərinə görə, azərbaycanlı idmançıların beynəlxalq yarışlardakı uğurları stolüstü tennisə marağı artırıb. Həm çox gənc idmançılar, həm də həvəskarlar artıb; məktəblərdə uşaqları pulsuz məşqlərə cəlb edirlər.
O qeyd edir ki, stolüstü tennis bölgələrdə də inkişaf edir. Oradan olan ən yaxşı idmançılar respublika yarışlarında çıxış edir, yaxşı nəticə göstərənləri isə milli komandaya dəvət edirlər. “Milli komandada uğur qazanan Şəki və Şabran idmançıları var”, - deyir o qeyd edir.
İsmayılov vurğulayıb ki, stolüstü tennis nəzərəçarpacaq dərəcədə “cavanlaşıb”: “SSRİ vaxtı biz bu idmana 9-10 yaşda gəlirdik, indi isə uşaqları 5-6 yaşdan cəlb edirik”.
Onun sözlərinə görə, artıq bir neçə ay məşqlərdən sonra uşağın idmançı olub-olmayacağını görmək mümkündür, amma böyük gələcək vəd etmək mümkün deyil: “Bu idmanda sürət, güc, dözümlülük vacibdir. Gözlər, beyin və bütün əzələlər yaxşı işləməlidir. Həvəskar və peşəkar stolüstü tennis çox fərqlidir”.

O qeyd edir ki, baxmayaraq ki, bu idman bir çox digər idman növlərinə nisbətən insana daha az xəsarət yetirəndir, xəsarətlər mümkündür - məsələn, çiyin və diz zədələri.
Məşqçi həmçinin bildirib ki, idmançının hansı əli ilə oynaması vacibdir: “Deyirlər, solaxayların sağ əllilərdən üstünlüyü var, onlar topu daha yaxşı hiss edirlər. Amma bunu yüz faiz demək olmaz, çünki sağ əllilər arasında da dünya səviyyəli tennisçilər var”.
Fərhad İsmayılov həmçinin danışıb ki, idmançılar zaldan kənarda, xüsusi stol olmadan necə məşq edirlər: “Evdə fiziki hazırlığa diqqət yetirirlər, güzgü qarşısında dayanıb hərəkəti dəfələrlə təkrar edirlər ki, yaddaşa həkk olunsun. Həmçinin “YouTube”da çox yaxşı oyunlar var - onlardan taktika öyrənmək mümkündür”.
FOTO: İslam Atakişiyev


