"Australian Open" turnirində çıxış edən polşalı tennisçi İqa Şviontek oyunçuların kortdan kənarda demək olar ki, hər addımının kameralarla izlənməsindən narazılığını ifadə edib.
İdman.Biz xəbər verir ki, dünya reytinqində ilk üçlükdə yer alan Şviontek tennisçilərin şəxsi məkanının demək olar ki, qalmadığını bildirib.
“Sual budur ki, biz tennisçiyik, yoxsa zoopark heyvanları? Bəli, bu bir az şişirtmədir, amma müəyyən qədər məxfilik çox yaxşı olardı. Matçdan əvvəl oyuna fokuslanmaq üçün sakit məkana ehtiyac olur, lakin bunu kameralar səbəbindən tapmaq çətindir. Tennisçilər kortda izlənilməli olsa da, hər xırda anın yayılması düzgün deyil”, - deyə tennisçi vurğulayıb.

Eyni mövqeni amerikalı tennisçi Koko Qoff da bölüşüb. O, turnirdə məğlubiyyətdən sonra raketini kameraların görmədiyi yerdə sındırmağa çalışdığını, lakin arenada demək olar ki, gizli məkan olmadığını deyib.

Tennisçilər hesab edir ki, azarkeşlərlə yaxınlıq vacib olsa da, oyunçuların şəxsi məkanı ilə azarkeşlər arasında balans qorunmalıdır.
