“Gürcüstanda qalib gəlmək istəyirdik, amma səhvlərə yol verdik” - Millinin baş məşqçisinin İDMAN.BİZ-ə AÇIQLAMASI

7 Oktyabr 2026 14:16
136
“Gürcüstanda qalib gəlmək istəyirdik, amma səhvlərə yol verdik” - Millinin baş məşqçisinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Gürcüstanda keçirilən “WTT Youth Contender Tbilisi 2026” stolüstü tennis turnirində rəqabət yüksək olub. Ötən həftə başa çatan beynəlxalq reytinq yarışında 25 ölkənin nümayəndələri iştirak edib.

Bu barədə Azərbaycan stolüstü tennis millisinin baş məşqçisi Mixail Timofeyev İdman.Biz-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məşqçilər korpusu fərqli nəticə gözləsə də, Azərbaycan tennisçilərinin çıxışından razı qalıb:

“Yarımfinallarda daha yaxşı nəticə gözləyirdik. İndi bütün səhvlərimizi təhlil edəcəyik və növbəti yarışlara hazırlaşacağıq. Ümid edirik ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Ümumilikdə isə razıyıq”.

Timofeyev şəxsi məşqçisi olduğu millinin perspektivli üzvü Onur Quluzadə barədə də ayrıca danışıb:

“Onurun 15 yaşı var, bu yarışda isə 19 yaşlı idmançılar arasında çıxış edib. O, ilk dəfə bu yaş kateqoriyasında belə bir turnirdə iştirak etdi və bu nəticəni qazandı. Halbuki biz qələbə qazanmağı planlaşdırırdıq. Amma öz üzərimizdə işləyəcəyik”.

Mütəxəssis qeyd edib ki, ayın sonunda Azərbaycanın böyüklərdən ibarət milli komandası Çində təlim-məşq toplanışına yollanacaq. Yeniyetmələrdən ibarət komanda isə Latviyada beynəlxalq turnirdə iştirak edəcək.

Bundan əlavə, dekabr ayında Azərbaycan idmançılarının Finlandiyada keçiriləcək Açıq Çempionatda çıxışı planlaşdırılır.

İdman.Biz