120-yə yaxın məktəblinin qatıldığı stolüstü tennis yarışından rəngarəng görüntülər - İDMAN.BİZ-in FOTOREPORTAJI + VİDEO

24 İyun 2026 16:58
101
120-yə yaxın məktəblinin qatıldığı stolüstü tennis yarışından rəngarəng görüntülər - İDMAN.BİZ-in FOTOREPORTAJI + VİDEO

Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyasının dəstəyi ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında stolüstü tennis yarışlarına yekun vurulub.

İdman.Biz xəbər verir ki, Şüa İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışlarda müxtəlif yaş qruplarında qaliblər müəyyənləşib.

Oğlanların şəxsi yarışında Əliəkbər Mirzəliyev bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Saleh Hümbətov ikinci yeri tutub. İsgəndər İsgəndərov və Camal Kərim isə bürünc medallara sahib çıxıblar.

Qızların şəxsi mübarizəsində Gülnur Kərimli çempion olub. O, final görüşündə Alina Miradiyevanı məğlub edib. Minəxanım Banluyeva və Səidə Qulizadə üçüncü yeri bölüşüblər.

Oğlanların qoşa yarışında Əliəkbər Mirzəliyev və Camal Kərim tandemi qalib adını qazanıb. Saleh Hümbətov - Tunar Hüseynzadə cütü ikinci olub. Tərxan Şəmizadə - Nihat Mustafayev və Tuncay Hümbətov - Ernest Trofimenko duetləri isə üçüncü yeri tutublar.

Qızların qoşa mübarizəsində qızıl medalları Gülnur Kərimli və Alina Miradiyeva qazanıblar. Səidə Qulizadə - Aylin Şərifli cütü ikinci, Minəxanım Banluyeva - Mehin Nurizadə və Sofiya İlyasova - Səlimə Sultanova duetləri üçüncü olublar.

Qarışıq qoşa yarışında Əliəkbər Mirzəliyev və Səidə Qulizadə birinci yerə layiq görülüblər. Saleh Hümbətov - Alina Miradiyeva cütü gümüş medal əldə edib. Ernest Trofimenko - Gülnur Kərimli və Camal Kərim - Aylin Şərifli tandemləri isə bürünc medallarla kifayətləniblər.

Yarışın qalibləri və mükafatçıları Elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam tərəfindən mükafatlandırılıblar.

Qeyd edək ki, iyunun 21-də start götürən yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 17 komandanın 120-yə yaxın üzvü iştirak edib.

İdman.Biz