Azərbaycanın paytaxtında start götürən üzgüçülük üzrə 2026-cı il Dünya Kuboku seriyası başa çatıb. Ümumi sıralamada Niderland təmsilçisi Marrit Stenbergen və Cənubi Afrikalı Piter Kutze qalib olublar. Onların hər biri 100 min ABŞ dolları məbləğində pul mükafatı qazanıb.
İdman.Biz Beynəlxalq Su İdmanı Növləri Federasiyasına (World Aquatics) istinadən xəbər verir ki, yarışların son mərhələsi Astanada keçirilib. Kişilər arasında əsas mükafatın sahibi yalnız son üzmə yarışında müəyyənləşib.
Həlledici mübarizə 50 metr məsafəyə arxasıüstə üzmədə Kutze ilə rusiyalı Yeqor Kornev arasında gedib. Son yarış ərəfəsində hər iki idmançı ümumi sıralamada qalib olmaq şansını qoruyurdu.
Dönüş zamanı üzgüçüləri cəmi saniyənin yeddi yüzdə biri ayırırdı. Bir müddət üstünlüyü ələ almağa yaxın olan Kornev son metrlərdə rəqibinin sürətinə tab gətirə bilməyib. Kutze finişə 22,36 saniyəyə çataraq qələbə qazanıb.
Kornev 22,81 saniyəlik nəticə ilə üçüncü olub. O, həmçinin həmyerlisi Pavel Samusenkodan (22,49) geri qalıb.
Nəticədə Kutze üç mərhələnin yekununda 172,9 xal toplayaraq Dünya Kubokunun qalibi olub. Kornev 170,7 xalla ikinci, belçikalı Lukas Envo isə 164,1 xalla üçüncü yeri tutub. Beləliklə, əsas mükafatın taleyini cəmi 2,2 xal fərq həll edib.
Bu nailiyyətlə Kutze Dünya Kubokunun kişilər arasında ümumi sıralamasında qalib gələn beşinci Cənubi Afrika təmsilçisi olub.
Qadınların mübarizəsində isə Marrit Stenbergen üstünlüyünü daha inamla təsdiqləyib. Niderlandlı üzgüçü Astanadakı son yarış günündə 100 metr məsafəyə sərbəst üsulla (50,52 saniyə) və arxasıüstə (55,43 saniyə) üzmədə qalib gəlib.
O, üç mərhələ ərzində dörd dəfə “Triple Crown” — eyni məsafədə hər üç şəhərdə qələbə qazanan idmançılara verilən xüsusi mükafata da sahib çıxıb.
Stenbergen bununla Dünya Kubokunun qadınlar arasında ümumi sıralamasında qalib gələn ilk niderlandlı üzgüçü kimi tarixə düşüb.
Qadınların yekun sıralamasında çinli Yuy İtin 166,5 xalla ikinci yeri tutub. Belçikalı Ros Vanotterdeyk isə üçüncü olub.
Yarışların yekunu Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Bu il “Silk Road Tour” — “İpək Yolu Turu” adlandırılan Dünya Kuboku seriyası ilk dəfə oktyabrın 1–3-də Bakıda start götürüb.
Ümumi birincilik uğrunda mübarizə məhz Azərbaycan paytaxtında başlayıb. Bakı mərhələsindən sonra qadınlar arasında Stenbergen, kişilərdə isə Kornev lider idi.
Rusiyalı üzgüçü Bakıda üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə sərbəst üsulla üzmədə 44,88 saniyəlik nəticə göstərərək dünya rekordunu təkrarlayıb.
Bakıdan sonra dünyanın güclü üzgüçüləri oktyabrın 8–10-da Daşkənddə mübarizə aparıblar. Seriyanın son mərhələsi isə oktyabrın 15–17-də Astanada təşkil olunub.
Beləliklə, Azərbaycanda başlayan üçhəftəlik Dünya Kuboku seriyası Niderland və Cənubi Afrika idmançılarının ümumi qələbələri ilə yekunlaşıb. Kişilər arasında çempionun yalnız son yarışda müəyyənləşməsi isə turnirin ən yaddaqalan məqamlarından biri olub.
